İsveçrə ABŞ-nin hərbi təyyarələrinin ölkənin hava məkanı üzərindən uçuşu ilə bağlı iki müraciətini rədd edib.
Musavat.com xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb. Bildirilib ki, qərar ölkənin neytrallıq qanunvericiliyinə uyğun olaraq qəbul edilib və İran ətrafında davam edən müharibə ilə əlaqəli uçuşlara icazə verilməyib.
Rəsmi açıqlamaya görə, ABŞ tərəfindən təqdim olunan bir neçə uçuş müraciəti nəzərdən keçirilib. Onlardan ikisi İranla bağlı hərbi əməliyyatlarla əlaqəli olduğuna görə rədd edilib.
Bununla yanaşı, Federal Şura müharibə ilə birbaşa bağlı olmayan bəzi uçuşlara icazə verib. Belə ki, texniki xarakterli bir uçuş və nəqliyyat təyyarələrinə aid iki müraciət təsdiqlənib.
Qeyd olunur ki, İsveçrə münaqişələrdə neytrallıq prinsipini qorumağa davam edir və bu səbəbdən hərbi əməliyyatlarla əlaqəli uçuşlara ölkə hava məkanından istifadə etməyə imkan verilmir.
Musavat.com