Azərbaycanın mənzil siyasətinin əhəmiyyətli hissəsi Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpası və əhalinin həmin ərazilərə köçürülməsi ilə bağlıdır.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bu gün "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
"Bu təcrübə bu gün bir çox ölkələrin üzləşdiyi daha geniş qlobal çağırışı əks etdirir, münaqişədən sonrakı bərpa və yenidənqurma proseslərində layiqli mənzil hüququnun əsas prioritet olaraq qalmasını necə təmin etmək məsələsi", - deyə o qeyd edib.
Quliyevin sözlərinə görə, həmin ərazilərdə dayanıqlı, "ağıllı" və inklüziv şəhərlərin yaradılmasına yönəlmiş kompleks bərpa və mənzil tikintisi proqramları həyata keçirilir.
"Keçmiş məcburi köçkünlər üçün mənzillər dövlət tərəfindən pulsuz təqdim olunur ki, bu da sosial sabitliyin təmin edilməsində və əhalinin təhlükəsiz, ləyaqətli şəkildə geri qayıtmasında dövlətin liderliyinin əsas rolunu nümayiş etdirir",- deyə o vurğulayıb.
"Hazırda artıq təxminən 70 min nəfər bu ərazilərdə yaşayır, təhsil alır və çalışır", - deyə Quliyev bildirib.
O, həmçinin qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu mənzil sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma olacaq.