AZ

BMT: WUF13 şəhərlərin inkişafı ilə bağlı mühüm platforma olacaq

Hazırda dünyada təxminən 300 milyon insan evsizdir.

APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Anaklaudia Rossbax XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş mətbuat brifinqində deyib.

“Bu insanlar çox vaxt təmiz suya, əsas infrastruktura, səhiyyə və təhsil xidmətlərinə, həmçinin iş və imkanlara çıxışdan məhrumdurlar. Bir çoxunun hətta rəsmi ünvanı belə yoxdur və onlar tez-tez riskli ərazilərdə yaşayırlar”, – o bildirib.

Rossbax deyib ki, WUF13 əsas mövzusu təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar üçün mənzil təminatı olacaq.

“Nazirlər, yerli və regional hökumət nümayəndələri, akademik dairələr və vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda bir araya gələrək, mənzil və şəhərlərin inkişafı ilə bağlı problemləri, mövcud təcrübələri və həll yollarını müzakirə edəcəklər”, – o qeyd edib.

UN-Habitat rəhbəri vurğulayıb ki, tədbir çərçivəsində şəhərsalma sahəsində əldə olunan irəliləyişlər nəzərdən keçiriləcək, həmçinin gələcək prioritetlər üzrə müzakirələr aparılacaq.

Onun sözlərinə görə, WUF13 şəhərlərin inkişafı ilə bağlı qlobal çağırışların müzakirəsi və müxtəlif tərəfdaşların təcrübə mübadiləsi üçün mühüm platforma olacaq.

Seçilən
14
4
apa.az

5Mənbələr