AZ

Bakı strateji dialoq mərkəzi kimi dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir ŞƏRH

Bakı, 13 mart, AZƏRTAC

2013-cü ildən başlayaraq hər il keçirilən Qlobal Bakı forumlarına ev sahibliyi edən Azərbaycan bununla həm tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən, müxtəlif dinləri və mədəniyyətləri bir arayan gətirən, həm də dünyanı narahat edən problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran, dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkə olduğunu bir daha təsdiqləyir. Çünki hər il keçirilən forumların mövzularına diqqət yetirdikdə bu məsələlərin həmin dövrün çağırışını özündə əks etdirdiyini aydın şəkildə görürük.

Bu il də martın 12-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda növbəti - XIII Qlobal Bakı Forumu işə başlayıb. Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Martın 14-dək davam edəcək Forumda müxtəlif mövzularda panellər təşkil olunur. İclaslarda Azərbaycanın iqtisadi və xarici siyasət uğurlarının fonunda onların həlli yolları açıqlanır. Başqa sözlə, xarici siyasətinin əsas prinsiplərindən biri kimi əməkdaşlığa xüsusi önəm verən Azərbaycan ev sahibliyi etdiyi tədbirlərin timsalında çoxtərəfliliyin tərəfdarı olduğunu, qlobal problemlərin həllində birgə addımların atılmasının vacibliyini nümayiş etdirir. 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29-un nəticələri bu gün də müzakirə mövzusu kimi diqqətdədirsə, bu, Azərbaycanın uğurlu və gələcəyə hədəflənən siyasətinin nəticəsidir. Bakı Forumu da qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında diqqəti bir qlobal forumdan digərinə keçərkən fəaliyyət sahəsinin getdikcə genişləndiyinə yönəldərək təmasların son dərəcə fəal olduğunu bildirdi. Dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.

V.Rəhimzadənin sözlərinə görə, XIII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayır. Çıxışlarda səsləndirilən fikirlər, panel iclaslarda müzakirə olunan məsələlər beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı bu tədbirin uğurlu nəticələr verməsini şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini ölkəmizin bu il ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət edərək bu əminliyi ifadə etdi ki, bir neçə aydan sonra Bakıda görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədlərə dair müzakirələri davam etdirəcəyik.

Deputat beynəlxalq əməkdaşlıqda əsas rol oynayan amillərdən biri kimi enerji təhlükəsizliyinin təminatından da bəhs edərək, Azərbaycanın bu sahədə artan rolunu xüsusi vurğulayıb. Bildirib ki, XIII Qlobal Bakı Forumunda diqqət göstərilən əsas məsələlərdən biri məhz bu oldu. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin həm iştirakçı, həm də digər ölkələrin dayanıqlı inkişafına geniş imkanlar yaratdığı beynəlxalq səviyyədə etiraf olunan reallıqlardandır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə töhfələri davamlıdır. Buna əsas verən təbii ki, malik olduğumuz iqtisadi potensialdan səmərəli istifadənin təmin edilməsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”ndən başlanan yolun uğurlarını sadalamaqla bitməz. Prezident İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır.

Azərbaycanın nəqliyyat imkanlarının genişliyindən də bəhs edən deputat deyib ki, Azərbaycan nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırır. Bu gün ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşdır. Azərbaycan həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkədir.

“Hər il Qlobal Bakı Forumu mühüm uğurların təqdimatı, onların əsasında yeni çağırışlarla tarixə yazılır. Azərbaycanın hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfində olaraq bunu real addımları ilə təsdiqləməsi ev sahibliyi etdiyi bu kimi tədbirlərin davamlılığına böyük inam yaradır. Düşünürük ki, XIII Qlobal Bakı Forumunda gündəmə gətirilən məsələlər, gələcəklə bağlı səsləndirilən çağırışlar növbəti Foruma qədər geniş təhlil ediləcək, birgə səylər əsasında mühüm uğurların əldə olunmasına yol açılacaq”, - deyə V.Rəhimzadə bildirib.

Seçilən
22
6
azertag.az

7Mənbələr