AZ

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir

Yazını böyüt
Yazını kiçilt

Martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax ilə görüşüb.

Xarici İşlər Naziriyindən hafta.az-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıq məsələləri, dayanıqlı şəhərsalma, urbanizasiya proseslərinin idarə olunması, həmçinin şəhərlərin dayanıqlı inkişafı sahəsində tərəfdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) hazırlıq işləri, bu çərçivədə planlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının, müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məntəqələrinin yaradılmasının ölkəmizin urbanizasiya sahəsində gördüyü işlərin əhəmiyyətli nümunəsi olduğu vurğulanıb.

Söhbət zamanı, həmçinin Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov bölgəmizdə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi barədə də qarşı tərəfi məlumatlandırıb, postmünaqişə dövründə bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın mövqeyi və təşəbbüsləri barədə danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
11
13
hafta.az

10Mənbələr