XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəçilik Təşəbbüsü” adlı panel iclasında Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə sabiq dövlət katibi Tobias Elvud çıxış edib.
Musavat.com bildirir ki, Elvud çıxışında hazırkı qlobal vəziyyətin son dərəcə narahat və təhlükəli olduğunu vurğulayıb.
O bildirib ki, münaqişələr və müharibələr ticarət əlaqələrini çətinləşdirir və iqtisadi inkişafın qarşısını alır, lakin dünyanı İkinci Dünya müharibəsi kimi genişmiqyaslı müharibə gözləmir. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət müharibələrin genişlənməsinin qarşısını almaq üçün aktiv tədbirlər görməlidir.
“Hazırda dünya yeni problemlərlə üz-üzədir. Enerji qiymətlərinin artması, iqtisadiyyatların enerji ilə təmin olunması, su resurslarının idarə olunması, eləcə də süni intellekt və kvant texnologiyaları sahəsində üstünlük uğrunda rəqabət dövlətlər arasında yeni qarşıdurma sahələri yaradır. Bu sahələr üzrə beynəlxalq qaydalar hələ formalaşmayıb və əməkdaşlıq mexanizmləri kifayət qədər səmərəli deyil”, – deyə Tobias Elvud qeyd edib.
O əlavə edib ki, dünyanın aparıcı ölkələri arasında yeni qlobal qaydalar barədə konsensusun olmaması əməkdaşlığın zəifləməsinə səbəb olur və nəticədə qloballaşma prosesi parçalanma mərhələsinə daxil olur. Bu baxımdan Elvud Azərbaycanın enerji potensialının qlobal sabitliyə verdiyi töhfəyə diqqət çəkib:
“Azərbaycanda zəngin enerji resursları və alternativ enerji istehsalı üçün imkanlar mövcuddur. Bu imkanlar ölkənin iqtisadi inkişafına xidmət edir və dünya üçün enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır”.
Xalidə Gəray
Musavat.com