“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası” təsdiqlənib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qayda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində cari ildə 15 yaşı tamam olan 18 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının (bundan sonra – çağırışaqədər yaş həddində olan vətəndaşlar) ilkin hərbi qeydiyyata alınması qaydasını müəyyən edir.
Çağırışaqədər yaş həddində olan vətəndaşların Xidmətin strukturuna daxil olan qurumlarda ilkin hərbi qeydiyyata alınması onların müddətli həqiqi hərbi xidmətə yararlılığının ilkin olaraq müəyyən olunması, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş şəxslərin müalicəsinin təşkil edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırış resursunun formalaşdırılması məqsədilə həyata keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması hərbi vəzifə ilə bağlı öhdəliyin yerinə yetirilməsidir.
Hər il yanvar-may ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Xidmətin strukturuna daxil olan qurumlarda bu Qaydaya uyğun ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması aşağıdakı sənədlər əsasında həyata keçirilir:
– doğum haqqında şəhadətnamənin surəti;
– ailə tərkibi haqqında arayış;
– təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
– təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
– tərcümeyi-hal;
– 6 ədəd 3×4 sm ölçüdə fotoşəkil.
Göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.//“Qafqazinfo”