AZ

İlkin hərbi qeydiyyata alınma Qaydası təsdiqlənib

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası” təsdiqlənib.

Heftelik.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qayda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində cari ildə 15 yaşı tamam olan 18 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının (bundan sonra – çağırışaqədər yaş həddində olan vətəndaşlar) ilkin hərbi qeydiyyata alınması qaydasını müəyyən edir. Çağırışaqədər yaş həddində olan vətəndaşların Xidmətin strukturuna daxil olan qurumlarda ilkin hərbi qeydiyyata alınması onların müddətli həqiqi hərbi xidmətə yararlılığının ilkin olaraq müəyyən olunması, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş şəxslərin müalicəsinin təşkil edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırış resursunun formalaşdırılması məqsədilə həyata keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması hərbi vəzifə ilə bağlı öhdəliyin yerinə yetirilməsidir.

Hər il yanvar-may ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Xidmətin strukturuna daxil olan qurumlarda bu Qaydaya uyğun ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması aşağıdakı sənədlər əsasında həyata keçirilir:
– doğum haqqında şəhadətnamənin surəti;
– ailə tərkibi haqqında arayış;
– təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
– təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
– tərcümeyi-hal;
– 6 ədəd 3×4 sm ölçüdə fotoşəkil.
Göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri , yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti və yerli özünüidarə orqanları hər il oktyabrın 1-dək Xidmətin strukturuna daxil olan qurumlarda növbəti il ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını Xidmətə elektron formada, elektron formada mümkün olmadıqda isə digər vasitələrlə təqdim etməlidirlər. İlkin hərbi qeydiyyata alınma ilə bağlı zəruri məlumatların əldə edilməsi məqsədilə Xidmətin Vahid Elektron İnformasiya Sisteminin (VEİS) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) VEİS-in əsasnaməsində nəzərdə tutulmuş informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq EHİS vasitəsilə həyata keçirilir.
İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların öyrənilməsi zamanı onların təhsil müəssisəsində təhsil alması, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi, barələrində cinayət təqibinin həyata keçirilməsi, dövlət narkoloji tibb müəssisəsində qeydiyyatda olması, eləcə də sağlamlıq imkanları məhdud şəxslər barədə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə bağlı məlumatlar aidiyyəti dövlət orqanlarından (qurumlarından) EHİS vasitəsilə elektron formada, bu mümkün olmadıqda isə kağız daşıyıcıda əldə olunur.
Elektron formada, bu mümkün olmadıqda isə kağız daşıyıcıda əldə olunan məlumatlar nəzərə alınmaqla və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən əldə olunan növbəti ildə 15 yaşı tamam olacaq kişi cinsli vətəndaşların siyahısı əsas tutulmaqla hər il dekabrın 1-dək Xidmətin strukturuna daxil olan qurumlar üzrə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların ümumi siyahısı tərtib olunur.
Hər il dekabrın 10-dək Qanunun 5-ci maddəsinə uyğun olaraq, yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanının qərarı ilə fərdi tərkibi Xidmətlə razılaşdırılmaqla ilkin hərbi qeydiyyata alma komissiyası (Komissiya) yaradılır. Komissiyanın tərkibi sədrdən və üzvlərdən ibarətdir. Komissiyanın sədri Xidmətin strukturuna daxil olan qurumun rəisi, üzvləri isə ərazi üzrə müvafiq dövlət müəssisələrindən ezam olunmuş həkim mütəxəssislərdir (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim mütəxəssislər). Hər il dekabrın 31-dək növbəti ildə 15 yaşı tamam olan vətəndaşların qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) tərəfindən EHİS-də elektron kabinet yaradılır. Çağırışaqədər yaş həddində olan vətəndaşlar və onların qanuni nümayəndələri hərbi vəzifənin icrası ilə əlaqədar elektron kabinetin yaradılması, təyin olunmuş tarixdə müvafiq dövlət tibb müəssisəsində tibbi müayinədən keçmənin vacibliyi və ilkin hərbi qeydiyyata alınmaq üçün çağırış vərəqəsində göstərilmiş müddətdə Xidmətin strukturuna daxil olan quruma gəlməli olması barədə Xidmətin rəsmi internet informasiya ehtiyatı və media vasitəsilə məlumatlandırılırlar.
Çağırışaqədər yaş həddində olan vətəndaşların tibbi şəhadətləndirilməsi və öyrənilməsi işinin təşkili Xidmətin strukturuna daxil olan qurumlar tərəfindən həyata keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması məqsədilə tibbi şəhadətləndirilməsi üçün təyin olunmuş müddətdə tibbi müayinədən keçməsi və Xidmətin strukturuna daxil olan quruma gəlməli olması barədə VEİS üzərindən EHİS-də yaradılmış elektron kabinetə elektron formada Komissiya sədrinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənən çağırış vərəqəsi yerləşdirilir və EHİS tərəfindən vətəndaşa real vaxt rejimində qeyd olunan sənədin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat göndərilir. Elektron qaydada məlumatlandırma mümkün olmadıqda, çağırış vərəqəsi poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim olunmaqla çatdırılır. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışaqədər yaş həddində olan vətəndaşların qanuni nümayəndələri məlumatlandırılmış hesab olunurlar. Çağırışaqədər yaş həddində olan vətəndaşların tibbi şəhadətləndirilməsi məqsədilə tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb olunması “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Tibbi müayinədən keçmiş çağırışaqədər yaş həddində olan vətəndaşlar Komissiya tərəfindən tibbi şəhadətləndirilməsi və EHİS vasitəsilə əldə edilməsi mümkün olmayan sənədlərin təqdim edilməsi məqsədilə Xidmətin strukturuna daxil olan müvafiq quruma çağırılırlar. Xidmətin strukturuna daxil olan qurumların tibbi müayinəyə göndərişinə əsasən tibbi müayinədən keçmiş çağırışaqədər yaş həddində olan vətəndaşlar Əsasnaməyə uyğun olaraq şəhadətləndirilirlər. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müayinə nəticələrinə əsasən şəhadətləndirildikdən sonra Komissiyanın üzvü olan həkim mütəxəssislər tərəfindən müvafiq kateqoriyalar üzrə formalaşdırılan rəy onların təkmil sertifikatlı gücləndirilmiş elektron imzaları ilə təsdiqlənir və Komissiyanın sədri tərəfindən yekun qərar verilməsi üçün VEİS-ə ötürülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində ( MEİS) əlilliyi müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların tibbi müayinəsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi və həmin şəxslərin şəhadətləndirilməsi təmin edilir. Çağırışaqədər yaş həddində olan vətəndaşlar tibbi müayinə nəticələrinə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyinə görə dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər. Aparılmış tibbi müayinənin nəticələri barədə Xidmət tərəfindən müəyyən edilmiş formada onların sağlamlıq vəziyyətinin müayinə aktı tərtib edilir, tibb müəssisələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən VEİS-ə ötürülür və vətəndaşa təqdim edilir. Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması üçün müəyyən olunmuş müddət ərzində tibbi müayinədən keçməsinə Xidmət, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən nəzarət edilir.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulan şəxslər istisna olmaqla, nəzərdə tutulmuş kateqoriyalar üzrə şəhadətləndirilmiş çağırışaqədər yaş həddində olan vətəndaşlar ilkin hərbi qeydiyyata alınırlar.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə MEİS-də əlilliyi müəyyən olunmuş çağırışaqədər yaş həddində olan vətəndaşlar Komissiyanın qərarı ilə əyani tibbi müayinəsi aparılmadan sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılır və ilkin hərbi qeydiyyata alınmırlar. Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş çağırışaqədər yaş həddində olan vətəndaşlar ilkin hərbi qeydiyyata götürülmürlər.
Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması və ya alınmaması ilə bağlı Komissiya tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qərar qəbul edilir və Komissiya sədrinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiq olunaraq 3 (üç) iş günü müddətində elektron formada elektron kabinetə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə vətəndaşa göndərilir.
İlkin hərbi qeydiyyata alınmış çağırışaqədər yaş həddində olan vətəndaşlara Komissiya tərəfindən hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçirilməsi qaydası, çağırışdan və hərbi xidmətdən yayınmağa görə məsuliyyət daşımaları izah olunur.

Çağırışaqədər yaş həddində olan vətəndaşlar yaşayış yerini və ya olduğu yeri dəyişdirdikdə yeni yaşayış yeri və ya olduğu yer üzrə Xidmətin strukturuna daxil olan qurum tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq ilkin hərbi qeydiyyata alınırlar. Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyat yerinin dəyişdirilməsi və yeni yaşayış yeri və ya olduğu yer üzrə ilkin hərbi qeydiyyata alınması Daxili İşlər Nazirliyinin yaşayış yerinin dəyişdirilməsinə dair EHİS vasitəsilə ötürdüyü məlumatlar əsasında həyata keçirilir.
Çağırış vərəqəsində qeyd olunan müddətdə Xidmətin strukturuna daxil olan quruma gəlməyən çağırışaqədər yaş həddində olan vətəndaşların tibbi şəhadətləndirilməsi və ilkin hərbi qeydiyyata alınması onlar Xidmətin strukturuna daxil olan quruma gəldikdən (gəlmələri təmin edildikdən) sonra bu Qaydaya uyğun olaraq həyata keçirilir. Müxtəlif səbəblərdən ilkin hərbi qeydiyyata alınmayan çağırışaqədər yaş həddində olan vətəndaşlar (Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilməmiş, xarici ölkədə doğulmuş Azərbaycan Respublikasının vətəndaşları, sonradan Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan şəxslər) bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədləri təqdim etdikdən sonra onların məlumatları bu Qaydanın 3.5-ci bəndində qeyd olunan aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri vasitəsilə dəqiqləşdirilir. Həmin şəxslərin tibbi şəhadətləndirilməsi və ilkin hərbi qeydiyyata alınması bu Qaydaya uyğun olaraq təmin edilir. Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınmaq üçün çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Xidmətin strukturuna daxil olan qurumlara gəlməməsi qanunla müəyyən olunmuş inzibati məsuliyyətə səbəb olur.
İlkin hərbi qeydiyyata alınmaq üçün Xidmətin strukturuna daxil olan qurumlara gəlməməyin üzrlü səbəbləri aşağıdakılar sayılır:
– çağırışaqədər yaş həddində olan vətəndaşın xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında);
– fövqəladə və ya digər qarşısı alına bilinməyən hallar (bu zaman şəxsən gəlməyin mümkün olmaması vətəndaşın yaşayış yeri üzrə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir).
Çağırış vərəqəsində göstərilmiş müddətdə ilkin hərbi qeydiyyata alınmaq üçün gəlməyən çağırışaqədər yaş həddində olan vətəndaşların olduğu yerin müəyyən edilməsi üçün Xidmətin strukturuna daxil olan qurumlar tərəfindən zəruri tədbirlər görülür və aidiyyəti dövlət orqanlarının (qurumlarının), yerli özünüidarə orqanlarının, təşkilatların və vəzifəli şəxslərin, o cümlədən çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində çalışan şəxslərin köməyi ilə həmin şəxslərin ilkin hərbi qeydiyyata alınmaq üçün Xidmətin strukturuna daxil olan quruma gəlməsi təmin edilir.
Çağırışaqədər yaş həddində olan vətəndaşların hüquqları aşağıdakılardır:
– Xidmətin strukturuna daxil olan quruma ilkin hərbi qeydiyyata alınması üçün müraciət etmək;
– sağlamlıq vəziyyəti ilə əlaqədar yenidən tibbi şəhadətləndirilməsini tələb etmək;
– Xidmətin strukturuna daxil olan qurumda ilkin hərbi qeydiyyata alınan zaman şəxsi işə daxil etmək üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin aidiyyəti dövlət orqanlarından (qurumlarından) əldə edilməsi (o cümlədən elektron formada) ilə bağlı Xidmətin strukturuna daxil olan quruma müraciət etmək;
– qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin hərbi qeydiyyata alınması üçün barəsində toplanan sənədlərlə tanış olmaq və məlumatlarda dəqiqləşdirmələr aparılmasını tələb etmək;
– Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər hüquqları həyata keçirmək.
Çağırışaqədər yaş həddində olan vətəndaşların vəzifələri aşağıdakılardır:
– ilkin hərbi qeydiyyata alınması üçün Xidmətin strukturuna daxil olan quruma gəlmək;
– ilkin hərbi qeydiyyata alınması məqsədilə müvafiq qaydada məlumatlandırıldıqda tibbi şəhadətləndirilməsi üçün təyin edilmiş müddət ərzində tibbi və psixoloji müayinələrdən keçmək;
– ilkin hərbi qeydiyyata alınması üçün bu Qaydanın 3.3-cü bəndinə əsasən tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarından (qurumlarından) elektron qaydada əldə edilməsi mümkün olmadıqda, həmin sənədləri təmin etmək;
– hərbi qeydiyyatla bağlı qanunvericiliyin tələblərini yerinə yetirmək;
– Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Seçilən
68
13
heftelik.az

10Mənbələr