AZ

İranda yeni ali dini lider elan edildi - Müctəba Xamenei kimdir?

Musavat.com xəbər verir ki, İranın Qum şəhərində fəaliyyət göstərən və ölkənin ali dini liderini seçmək səlahiyyətinə malik olan Ekspertlər Şurası – Məclisi Xübrəqan yeni ali dini liderin seçildiyini elan edib.

Məclisin nümayəndələrindən olan ayətullah Eşkevari açıqlamasında bildirib ki, yeni ali dini lider artıq müəyyənləşdirilib və “soyad dəyişməyib, yeni dini liderimiz də Xameneidir”. Onun sözlərinə görə, qərar Ekspertlər Şurasında əzici çoxluqla qəbul olunub.

Bu açıqlama İran siyasi dairələrində və dünya mediasında yeni ali dini liderin mərhum lider Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei olduğu qənaətini gücləndirib. Çünki Xamenei ailəsində bu posta real namizəd kimi uzun illərdir məhz onun adı çəkilirdi.

Xatırladaq ki, Musavat.com dörd gün əvvəl yayımladığı materialda Ekspertlər Şurasının yeni ali dini lider kimi Müctəba Xameneini seçdiyi, lakin təhlükəsizlik səbəbləri ilə bu qərarın rəsmi şəkildə açıqlanmasının gecikdirilə biləcəyi barədə məlumat vermişdi.

Bəzi beynəlxalq media orqanları da həmin vaxt yazırdı ki, seçim artıq keçirilib, lakin yeni liderin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən rəsmi elan müəyyən müddət saxlanılır. İddialara görə, bu müddətdə müxtəlif beynəlxalq kanallar vasitəsilə ABŞ prezidenti ilə danışıqlar aparılıb.

Proses gərgin beynəlxalq fon üzərində baş verib. İsrail daha əvvəl İranın gələcək liderini və onu seçəcək Ekspertlər Şurasını hədəfə ala biləcəyi ilə bağlı sərt bəyanatlar səsləndirmişdi. Hətta Qum şəhərində Ekspertlər Şurasının fəaliyyət göstərdiyi binanın raket zərbəsinə məruz qalması barədə məlumatlar və fotolar da yayılmışdı.

1969-cu ildə Məşhəd şəhərində anadan olan Müctəba Xamenei dini təhsilini əsasən Qum şəhərində alıb. Şiə fiqh məktəbinin klassik proqramlarını keçdiyi bildirilsə də, onun ali dini rütbəyə – mərceyi-təqlid səviyyəsinə yüksəlib-yüksəlmədiyi uzun illər müzakirə mövzusu olub. İranın ali dini lideri postuna seçilmək üçün yüksək dini status ənənəvi şərt sayılsa da, siyasi reallıqlar çox zaman bu kriteriyadan üstün tutulur.

Müctəba Xamenei xüsusilə 2000-ci illərin ortalarından etibarən atasının administrasiyasında təsirli fiqur kimi ön plana çıxmağa başlayıb. 2005-ci ildən sonra, Mahmud Əhmədinejadın prezidentliyi dövründə onun seçki proseslərinə və siyasi qərarların formalaşmasına təsir göstərdiyi barədə məlumatlar yayılıb. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən kütləvi etirazların yatırılmasında təhlükəsizlik strukturlarının koordinasiyasında rol oynadığı iddia edilirdi. Həmin dövrdə Müctəba Xamenei sərt xətt tərəfdarı kimi xarakterizə olunurdu.

Onun əsas dayağının SEPAH olduğu bildirilir. İnqilab Keşikçiləri Korpusu ilə qurduğu münasibətlər Müctəba Xameneini klassik ruhanidən daha çox təhlükəsizlik-elita modelinə yaxın fiqur kimi təqdim edir. Bu isə İranın gələcək siyasi kursunun daha mərkəzləşmiş və hərbi-siyasi təsir altında formalaşa biləcəyi barədə ehtimalları artırır.

Müctəba Xameneinin ali dini lider seçilməsi İranın idarəetmə modelində ailəvi elementin gücləndiyi barədə müzakirələri də aktuallaşdırıb. Formal olaraq ali lider seçki yolu ilə müəyyənləşdirilsə də, atadan oğula ötürülmə görüntüsü teokratik respublikanın mahiyyəti ilə bağlı suallar doğurur. Bu addım İranın siyasi sisteminin ideoloji əsasları və legitimlik mexanizmi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Yeni ali liderin xarici siyasətdə hansı xətti davam etdirəcəyi isə əsas suallardan biridir. Müctəba Xameneinin sərt təhlükəsizlik yanaşmasına üstünlük verəcəyi, SEPAH-ın regional siyasətdə rolunun daha da artacağı və Qərblə münasibətlərdə gərgin kursun davam edəcəyi ehtimal olunur.

Beləliklə, Müctəba Xameneinin ali dini lider postuna yüksəlməsi təkcə şəxsi varislik məsələsi deyil, İran İslam Respublikasının gələcək hakimiyyət modelinin və regional strategiyasının istiqamətini müəyyənləşdirə biləcək dönüş nöqtəsi kimi dəyərləndirilir.

Musavat.com bildirir ki, Xameneilər kökəncə azərbaycanlıdırlar, Təbrizə yaxın olan Xamnə kəndindəndirlər. Lakin yeni ali liderin - Müctəba Xameneinin anası Məşhəd şəhərində doğulmuş fars mənşəli ailədəndir. Bu səbəbdən bəzi müşahidəçilər Müctəba Xameneinin həm fars, həm də türk mühitləri üçün qəbul edilə bilən fiqur kimi təqdim oluna biləcəyini bildirirlər.

 

Musavat.com

Seçilən
85
2
musavat.com

10Mənbələr