İran ətrafında artan hərbi gərginlik qlobal iqtisadiyyata və enerji bazarlarına ciddi təsir göstərmək potensialına malikdir. Regionda baş verən hadisələr dünya bazarlarında müəyyən dalğalanmalar yaradıb və xüsusilə neft qiymətlərinin dinamikasına təsir göstərir. Yaxın Şərq enerji resurslarının əsas mərkəzlərindən biri olduğu üçün burada baş verən hər bir hərbi və siyasi gərginlik beynəlxalq bazarlarda riskləri artırır və investorların davranışına birbaşa təsir edir.
ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatları, həmçinin qarşıdurmanın uzunmüddətli müharibə mərhələsinə keçməsi ehtimalı region ölkələrinin iqtisadiyyatına da müxtəlif formalarda təsir edə bilər.
Enerji ixrac edən ölkə kimi Azərbaycan üçün belə bir vəziyyət nələr vəd edir?
Bir tərəfdən neft qiymətlərinin yüksəlməsi dövlət gəlirlərinin artmasına səbəb ola bilər, digər tərəfdən isə regional ticarət, logistika və idxal zəncirlərində yaranacaq problemlər daxili bazarda qiymət artımını sürətləndirə bilər. Xüsusilə Azərbaycan iqtisadiyyatının idxaldan asılı olduğu bəzi ərzaq və sənaye məhsulları üzrə təchizatın çətinləşməsi, logistika xərclərinin artması və valyuta bazarındakı dəyişikliklər ölkədə inflyasiya risklərini gücləndirə bilər. Eyni zamanda İran üzərindən həyata keçirilən ticarət əlaqələri və tranzit marşrutları da mümkün gərginlik fonunda əlavə iqtisadi təzyiqə məruz qala bilər.
Bütün bu suallar fonunda regionda mümkün müharibə ssenarisinin Azərbaycanın makroiqtisadi sabitliyinə, idxal qiymətlərinə, inflyasiya səviyyəsinə və əhalinin alıcılıq qabiliyyətinə necə təsir edə biləcəyi xüsusi diqqət tələb edir.
Mövzunu iqtisadçı alim Vüsalə Əhmədova "TV Musavat"ın efirində təhlil edərək mümkün iqtisadi risklərdən və dövlətin istifadə edə biləcəyi iqtisadi mexanizmlərdən danışıb.
Musavat.com videomaterialı təqdim edir.
Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com