AZ

"İranla mümkün müharibə regionu və dünyanı enerji böhranına sürükləyə bilər" - ŞƏRH

Bildiyimiz kimi, İran hazırda mürəkkəb geosiyasi şəraitlə üz-üzədir və müxtəlif istiqamətlərdən artan təzyiqlərlə qarşılaşır. Bu kontekstdə sual yaranır: İran İsrail və ABŞ kimi hərbi güclərlə mümkün qarşıdurmada nə dərəcədə davam gətirə bilər?

Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında yaşanan gərginliyin son həddə çatması və hər an isti qarşıdurmaya çevrilməsi ehtimalı fonunda beynəlxalq gündəm sanki tikan üstündədir:

"İsrail-İran qarşıdurması isti müharibəyə çevrilərsə, təbii olaraq İsrail ABŞ-nin yanında İrana hücum edən əsas ölkə olacaq. İran yerləşdiyi mövqeyə görə yalnız hərbi baxımdan qiymətləndirilməməlidir. İran Hörmüz boğazına nəzarət edən, Bəsrə körfəzinin ən kritik ölkələrindən biri və dünya enerji, neft və təbii qaz ixrac edən sayılı dövlətlərdəndir. Bu baxımdan İran eyni zamanda hərbi sahədə özünü yeniləməyi bacaran ölkələrdən biridir. İran Rusiya, Çin və Şimali Koreyadan hərbi texnika və texnoloji dəstək ala bilir. Həmçinin bu ölkələrdən əldə etdiyi komponentlərlə öz ballistik raketlərini istehsal etmək imkanına malikdir. Hətta Rusiyadan aldığı ehtiyat hissələri ilə istehsal etdiyi ballistik raketləri yenidən Rusiyaya sata bildiyi, yaxın günlərdə Rusiyaya 3 milyard dollardan artıq dəyərdə ballistik raket satışı həyata keçirdiyi barədə beynəlxalq mediada məlumatlar yer alıb".

Politoloq əlavə etdi ki, ABŞ belə gərgin bir prosesdə İranın hələ də Rusiyaya ballistik raket sata bilməsi fonunda onun əlində hansı miqyasda hərbi ehtiyatın olması məsələsində narahatlıq keçirə bilər:

"Bununla yanaşı, İranı yalnız malik olduğu hərbi imkan və qabiliyyətlərlə qiymətləndirmək düzgün olmaz. İranın Yaxın Şərq coğrafiyasında ciddi proksi qüvvələrlə əlaqələrinin olduğu məlumdur. Yəməndə husilər, Qəzzada HƏMAS, Livanda Hizbullah və Haşdi Şəbi kimi bir çox paramilitar qrupla əlaqələri olan İran faktı mövcuddur. Eyni zamanda İranın “Şiə hilalı” doktrinası çərçivəsində regionda tərəfdar şəbəkəsi və müxtəlif ölkələrə yayılmış sosial dayaqları olduğunu da nəzərə almaq lazımdır. Digər tərəfdən, Yaxın Şərq coğrafiyasında Amerikanın bir çox ölkədə hərbi bazaları mövcuddur. İran özünə qarşı hücum həyata keçirilərsə, həmin hərbi bazaları da vuracağını açıq şəkildə bəyan edir".

Şərhçinin sözlərinə görə, İsrail və Amerika İrana hücum edərsə, İran yalnız bu iki ölkə ilə deyil, ərazisində ABŞ-nin hərbi bazaları yerləşən ölkələrə qarşı da zərbələr endirərək qarşıdurmanı bütün regiona yaymağı planlaşdıra bilər.

"Əlavə olaraq Bəsrə körfəzi və Hörmüz boğazında gərginlik yaradaraq dünyanı neft və təbii qaz, yəni enerji böhranı ilə təhdid etmək imkanına da malikdir. İran hesab edir ki, belə bir enerji böhranı fonunda beynəlxalq təzyiqlər artacaq və enerji çatışmazlığı yaşayan ölkələr Amerika və İsrailə “bu müharibəni dayandırın” çağırışı edəcəklər. Bu səbəbdən İranın İsrail və Amerika hücumlarına qarşı neçə gün davam gətirə biləcəyi sualına sadə məntiqlə cavab vermək mümkün deyil. İranın hərbi qabiliyyətləri, “Şiə hilalı” çərçivəsində paramilitar strukturları, ABŞ hərbi bazalarına qarşı mümkün hücumları və bütün regionu genişmiqyaslı qarşıdurmaya sürükləmə potensialı birlikdə qiymətləndirilməlidir. Eyni zamanda Rusiya, Çin və Şimali Koreyanın İranı nə dərəcədə dəstəkləyəcəyi də nəzərə alınmalıdır.

İsmail

Bu səbəbdən belə bir müharibənin son dərəcə çətin və genişmiqyaslı ola biləcəyi, İranın imkan və qabiliyyətləri nəzərə alındıqda isə uzun müddət davam etmə ehtimalının olduğu düşünülür. Bununla yanaşı, İranın daxili dinamikalarının, mövcud hakimiyyətə münasibətin və müharibə şəraitində cəmiyyətin mövqeyinin də qarşıdurmanın uzanmasına və ya qısalmasına təsir göstərə biləcəyi ehtimal edilir. Demoqrafik baxımdan müxtəlif tərkibə malik İranda fərqli qrupların mərkəzi hakimiyyəti nə dərəcədə dəstəkləyəcəyi, yaxud dəstəkləməyəcəyi və ya Amerika və İsraillə hər hansı əməkdaşlığa gedib-getməyəcəyi məsələsi də ayrıca qiymətləndirilməlidir. Bu baxımdan İran-Amerika-İsrail qarşıdurması olduqca mürəkkəb və çoxşaxəli şəkildə inkişaf edə biləcək bir münaqişə potensialına malikdir", - deyə İsmail Cingöz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
67
8
redaktor.az

9Mənbələr