"Gender bərabərliyi prinsipləri daxili işlər orqanlarında da sistemli şəkildə tətbiq edilir. Xidmətə qəbulda, vəzifədə irəli çəkilmədə, peşə hazırlığı prosesində cinsindən asılı olmayaraq bərabər yanaşma təmin olunur".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev deyib.
Nazir müavini bildirib ki, gender bərabərliyi sahəsində fəaliyyətin həyata keçirilməsi üçün 2001-ci ildən Nazirliyin Şəxsi Heyətlə İş İdarəsi rəisinin qadın (qız) məsələləri üzrə köməkçisi vəzifəsi təsis edilib.
General qeyd edib ki, qadınların daxili işlər orqanlarında təmsilçiliyində son illər müşahidə olunan artım, yəni, qadın əməkdaşların xüsusi çəkisinin yüksəlməsi instutisional mühitin inklüzivliyini göstərir:
"Hazırda nazirlikdə 64-ü rəhbər vəzifələrdə olmaqla 4134 qadın əməkdaş xidmət edir ki, bu da şəxsi heyətin ümumi sayının təxminən 12 faizidir".