""Məişət zorakılığı haqqında" qanun müzakirə olunan vaxt deputatlardan biri demişdi ki, bu qanun qəbul olunsa istefa verəcəm. Amma qəbuluna səs verdi”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
“2010-cu ildə “Məişət zorakılığı haqqında” qanun qəbul edildi. Həm bu qanunun, həm “Gender bərabərliyi haqqında” qanunun qəbul olunması çox böyük keşməkeşli yollardan keçdi. Çünki cəmiyyətin bir hissəsi qəbul etmək istəmirdi ki, genderbərabərliyi nədir və kimə lazımdır, necə bərabər olmaq olar. Amma söhbət hüquqdan gedir. Hamı insandır və hüquqları eynidir. “Məişət zorakılığı haqqında” qanunun qəbul olunmasında nə qədər fikirlərlə üz-üzə gəldik. Deyirdilər ki, Cinayət Məcəlləsində gender bərabərliyi ilə bağlı məsuliyyət var və ayrı qanuna ehtiyac yoxdur. Hətta deputatlardan biri demişdi ki, bu qanun qəbul olunsa, mən istefa verəcəm. Amma vermədi, qəbuluna səs verdi. Doğrudan da cəmiyyətimizin idarə olunmasında, insan hüquqlarının müdafiəsində bu qanunların böyük rolu var”, - deyə sədr müavini bildirib.
Anar Kəlbiyev