"Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yeri azaldılaraq 204 müəyyən edilib. Əvvəllər onların sayı 674 idi. Eyni zamanda, qadağan edilən bu peşə, vəzifə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu dəyişiklik əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasına mühüm töhfədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı komitə sədri Hicran Hüseynova deyib. O bildirib ki, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əməkhaqqına daha yüksək templə yaxınlaşması təmin ediləcək:
"Statistik göstəricilərdən də bunu görmək mümükündür. 2020‐ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3 faizini təşkil edirdisə, 2024-cü ildə 68,9 faizini təşkil edib. Bununla yanaşı, qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilir. “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən qadınlarla yanaşı kişilər də uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyalarının tətbiqində gender bərabərliyinin təmin olunması həm də vətəndaşlarımızın konstitusion hüquqlarının müdafiəsi deməkdir. 2009-cu ildən Əmək Məcəlləsinə edilən dəyişikliyə görə atalar övladı dünyaya gəldiyi zaman kişilər 2 həftə, yəni 14 gün ödənişsiz məzuniyyətə çıxmaq hüququ var idi. Yeni dəyişikliyə əsasən, artıq bu məzuniyyət ödənişli əsaslarla verilir. Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur".
Komitə sədri qeyd eidb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsinə nəzarət səlahiyyəti artırılmalıdır.
Anar Kəlbiyev