Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Gürcüstan Ermənistan ilə Avropa İttifaqı arasındakı münasibətlər kontekstində çox vacib tərəfdaşdır.
Vətəninfo.az xəbər verir ki, bu barədə o, 4 mart tarixində Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə İkitərəfli İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclasının yekunlarına dair keçirilən birgə açıqlamada danışıb.
Paşinyan qeyd edib ki, tərəflər Ermənistan–Aİ gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər və bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların mövcud olduğunu vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq hazırda yüksək səviyyədədir və kifayət qədər aktiv xarakter daşıyır. Baş nazir bildirib ki, qarşıda duran əsas vəzifə mövcud çətinliklərin daha effektiv idarə olunması və imkanlardan daha səmərəli istifadə üçün yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.
Paşinyan həmçinin belə görüşlərin yalnız rəsmi müzakirələrlə məhdudlaşmadığını, dost ölkələrin nümayəndələri ilə birbaşa təmasların və qarşılıqlı etimad mühitinin də mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Ermənistan hökumət başçısı Gürcüstan tərəfinə səmimi qarşılanmaya görə təşəkkür edərək, növbəti görüşlərin nəticələrinin ikitərəfli, regional və beynəlxalq platformalarda əməkdaşlığın daha da fəallaşmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.