Azərbaycanın Ermənistan hakimiyyəti qarşısında qoyduğu əsas şərtlərdən, ev tapşırıqlarından biri konstitusiya dəyişiklikləri və normativ hüquqi aktlara dəyişikliklərin edilməsi ilə bağlıdır.
Musavat.com-un məlumatına görə, dövlət başçımız dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması Azərbaycana qarşı ərazi iddialarının əsas qanundan və normativ hüquqi aktlardan çıxarılmasından sonra mümkün ola bilər, əks halda, sülh sazişinin dəyəri olmayacaq. Prezident bildirib ki, Ermənistan öz konstitusiyasını dəyişdirdikdən bir gün sonra sülh müqaviləsi imzalana bilər.
İrəvanda anlayırlar ki, Azərbaycanın haqlı tələblərini icra etməsələr, “real Ermənistan” qurmaq mümkün olmayacaq. Ancaq bu proses gecikdirilir. Hələ iki il öncə ölkənin ədliyyə naziri Srbui Qalyan demişdi ki, Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır. Ancaq Ermənistan rəhbərliyi indi də 2027-ci ildən danışır, məsələni uzatmağa cəhd edir.
Ermənistandan Konstitusiyasında yalnız Azərbaycana qarşı ərazi iddialarından söhbət getmir, eyni zamanda Türkiyənin vilayətləri də “Qərbi Ermənistan” adlandırılır və qardaş Türkiyəyə qarşı iddialar əksini tapır. Anormallıq burasındadır ki, Türkiyəyə qarşı həm konstitusiya ilə iddiasını davam etdirən, həm də dövlət gerbində Ağrı dağının əksini saxlayan Ermənistan rəhbərliyi Ankaradan sərhəd qapılarının açılması barədə “yaşıl işıq” gözləyir. Ermənistanda hələ də anlamaq istəmirlər ki, hətta işğal illərində Azərbaycan Prezidenti Avropada Türkiyə əleyhinə çıxışlara reaksiyası zamanı “Türkiyə burada yoxdursa, mən varam” deməklə çoxlarını susdurmuşdu.
Xatırlatmaq yerinə düşər: 2014-cü ilin 24 aprelində Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistan prezidenti Serj Sərkisyan çıxış edərkən Türkiyə nümayəndələrinin toplantıda iştirak etməməsindən sui-istifadə edərək qondarma “erməni soyqırımı” ilə bağlı ənənəvi saxta iddialarını səsləndirmişdi. Azərbaycan Prezidenti İlham Əliyev söz alaraq “bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”, söyləmiş, daha sonra Türkiyə ilə Ermənistan sərhədinin Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlandığını, bundan əvvəl isə bütün azərbaycanlıların keçmiş Dağlıq Qarabağdan qovulduğunu və digər işğal faktlarını xatırlatmışdı. Bu fakt Türkiyədə çox böyük rezonans doğurmuşdu və təqdirlə qarşılanmışdı.
Eyni zamanda qardaş Türkiyə dəfələrlə Ermənistana və havadarlarına Azərbaycanın yanında olduğu barədə xəbərdarlığını ünvanlayıb, elə Kəlbəcərin işğalından sonra Ermənistan qapılarının qapadılması zamanı da, Tovuz döyüşlərindən sonra, 44 günlük müharibə dönəmində də Türkiyənin birmənalı dəstəyini görmüşük. “Bir millət, iki dövlət”in liderləri Şuşa Bəyannaməsi ilə müttəfiqliyimizi ən yüksək zirvəyə qaldırıb. Bu mənada sülh və sərhəd məsələlərində də hər iki qardaş ölkənin maraqlarına uyğun addım atılacağına kimsə şübhə etməməlidir.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Musavat.com-un bununla bağlı suallarına cavab verib. Millət vəkili bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalamnmasını istəyir. Ancaq bunun üçün Ermənistan Konstitusiyasından Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalar çıxarılmalıdır, həmçinin Ermənistanın gerbi dəyişdirilməlidir. Şamil Ayrım Ankaranın bu tələblərinin Ermənistanla danışıqlarda səsləndirildiyini də açıqlayıb. Bildirib ki, əks halda sərhəd qapılarının açılmasından söhbət gedə bilməz.
Videomüsahibəni təqdim edirik:
Elşad Paşasoy,
Musavat.com