Martın 3-də “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
Aznews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqə iştirakçılarını salamlayaraq gənc ixtiraçılara uğurlar arzulayıb. Nazir müavini layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, gələcəyin alimləri ideyalarını real məhsula çevirmək və onların səmərəliliyini artırmaq üçün davamlı çalışmalıdırlar. Dünyada elm və texnologiya sahəsində mövcud trendlərə toxunan nazir müavini qeyd edib ki, gələcəyin əsas istiqamətlərindən biri süni intellektdir və müsabiqədə süni intellektlə bağlı layihələrin olması da sevindiricidir.
Daha sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxışında bildirib ki, müsabiqə artıq 15 ildir uğurla həyata keçirilir və hər il böyük maraqla qarşılanır. Fuad Qarayevin sözlərinə görə, layihənin əsas məqsədi şagirdlərdə elmə marağın artırılması və tədqiqat bacarıqlarının inkişaf etdirilməsidir. Qeyd olunub ki, son iki ilin qalibləri dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar və builki iştirakçıların da yüksək nəticələr əldə edəcəyinə inam böyükdür.
Fuad Qarayev XV müsabiqə ilə bağlı statistik göstəriciləri də diqqətə çatdırıb. Bildirilib ki, 9 istiqamət üzrə yarışan IX–XI sinif şagirdləri 126 məktəbi təmsil ediblər. Onlardan 42-si Bakı məktəbi, 84-ü region məktəbi, o cümlədən 10-u kənd məktəbidir. Müsabiqəyə ümumilikdə 760 layihə təqdim olunub. Seçim mərhələsinin nəticələrinə əsasən 127-si kollektiv, 25-i fərdi olmaqla ümumilikdə 152 layihə final mərhələsinə vəsiqə qazanıb.