AZ

“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsinə start verilib - FOTO

Martın 3-də “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib. 

Redaktor.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqə iştirakçılarını salamlayaraq gənc ixtiraçılara uğurlar arzulayıb. Nazir müavini layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, gələcəyin alimləri ideyalarını real məhsula çevirmək və onların səmərəliliyini artırmaq üçün davamlı çalışmalıdırlar. Dünyada elm və texnologiya sahəsində mövcud trendlərə toxunan nazir müavini qeyd edib ki, gələcəyin əsas istiqamətlərindən biri süni intellektdir və müsabiqədə süni intellektlə bağlı layihələrin olması da sevindiricidir. 

Daha sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxışında bildirib ki, müsabiqə artıq 15 ildir uğurla həyata keçirilir və hər il böyük maraqla qarşılanır. Fuad Qarayevin sözlərinə görə, layihənin əsas məqsədi şagirdlərdə elmə marağın artırılması və tədqiqat bacarıqlarının inkişaf etdirilməsidir. Qeyd olunub ki, son iki ilin qalibləri dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar və builki iştirakçıların da yüksək nəticələr əldə edəcəyinə inam böyükdür.

Fuad Qarayev XV müsabiqə ilə bağlı statistik göstəriciləri də diqqətə çatdırıb. Bildirilib ki, 9 istiqamət üzrə yarışan IX–XI sinif şagirdləri 126 məktəbi təmsil ediblər. Onlardan 42-si Bakı məktəbi, 84-ü region məktəbi, o cümlədən 10-u kənd məktəbidir. Müsabiqəyə ümumilikdə 760 layihə təqdim olunub. Seçim mərhələsinin nəticələrinə əsasən 127-si kollektiv, 25-i fərdi olmaqla ümumilikdə 152 layihə final mərhələsinə vəsiqə qazanıb.

Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının kamera ansamblı çıxış edib.

Qeyd edək ki, final mərhələsi çərçivəsində növbəti iki gün ərzində şagirdlərin riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt istiqamətləri üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Qaliblər arasından seçilən məktəblilər ABŞ-də keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edəcəklər.

Rəsmi hissədən sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən, elm və təhsil nazirinin müşaviri  Elnur Əliyev, ali təhsil müəssisələrinin rektorları finalçıların layihələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar.

2222222222222222222222
Seçilən
6
11
redaktor.az

10Mənbələr