Səudiyyə Ərəbistanı İranı ərazisinə edilən zərbələrə görə qisas almaqla hədələyir.
İnterpress.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
ABŞ və İsrailin hücumlarından sonra İran Yaxın Şərq regionuna, o cümlədən özünün qüdrətli qonşusu olan Səudiyyə Ərəbistanına raket zərbələri endirib.
Ölkədəki Amerika bazalarının atəşə tutulmasından sonra rəsmi Ər-Riyad Tehrana intiqam zərbəsi ilə hədə-qorxu gəlib.
Məlumata görə, vəliəhd şahzadə Məhəmməd bin Salman silahlı qüvvələrə zərurət yaranarsa, İrana qarşı birbaşa hərbi əməliyyat keçirmək səlahiyyəti verib.
Bununla da Səudiyyə Ərəbistanının müharibəyə müdaxilə ehtimalı pik həddə çatıb.
Məhəmməd bin Salman İranın ölkənin şərq rayonlarına və paytaxt Ər-Riyada endirdiyi zərbələri “qorxaqlıq” adlandırıb.
O vurğulayıb ki, Səudiyyə Ərəbistanı öz hava məkanını ABŞ və İsrailin İrana hücumları üçün açmayıb və Tehran rəhbərliyi bunu bilə-bilə krallığa hücum edib.
Lakin “Washington Post” nəşri fərqli bir məqama diqqət çəkib. Belə ki, bin Salman son həftələrdə Donald Trampla dəfələrlə telefon əlaqəsi saxlayıb və rəsmi şəkildə diplomatik həll tərəfdarı kimi görünsə də, əslində Amerikanın İrana zərbə endirməsini dəstəkləyib.
“Axios”un məlumatına görə isə, krallığın müdafiə naziri Xalid bin Salman Vaşinqtonda keçirilən qapalı brifinqdə “Əgər Tramp zərbə endirməsə, İran rejimi daha da güclənəcək” deyərək hərbi müdaxilənin vacibliyini qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az