AZ

Rəqəmsal mühitin uşaqlara təsiri ən çox dövləti narahat edir...



Məlum olduğu kimi prezident İlham Əliyev "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələrini üç aya hazırlayıb ona təqdim etsinlər. Məktəbəhazırlıq qruplarında, ümumi təhsil müəssisələrində mobil, elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsi tapşırılır.

Oxşar addımlar artıq dünya boyu atılır. Məsələn,ötən il dekabrın 10-da Avstraliya yaşı 16-dan az olanların sosial mediadan istifadəsini qadağan edib. Bu, dünyada ilk belə haldır. Bir çox valideynlər və uşaq hüquqları fəalları bu addımı alqışlayıb. Ardınca Böyük Britaniya da, Avstraliya kimi, uşaqlar üçün sosial media qadağasını nəzərdən keçirir. Hökumət sosial media qadağasının uşaqlar üçün effektiv olub-olmayacağını araşdıracağını bildirib. Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması üçün artıq Azərbaycanda da dövlət hərəkətə keçib. Amma faktdır ki, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması müasir dövrdə valideynlər, müəllimlər və cəmiyyət üçün ən vacib məsələlərdən biridir. İnternet və sosial media platformaları uşaqlara öyrənmək, ünsiyyət qurmaq və yaradıcılıqlarını inkişaf etdirmək imkanı versə də, eyni zamanda müxtəlif risklər də yaradır. əqəmsal mühitdə zərərli məzmun dedikdə zorakılıq, aqressiya, nifrət nitqi, saxta məlumatlar, uyğun olmayan reklamlar və yaşa uyğun olmayan vizual materiallar nəzərdə tutulur. Bundan əlavə, kiberzorakılıq da ciddi problemlərdən biridir. Uşaqlar sosial şəbəkələrdə təhqir, təzyiq və ya təcrid kimi hallarla qarşılaşdıqda onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə yeniyetmə dövründə olan uşaqlar sosial təsirlərə daha həssas olduqları üçün bu cür hallar özgüvənin azalmasına və stressə səbəb ola bilər.
Rəqəmsal asılılıq da digər mühüm təhlükələrdəndir. Uzun müddət ekran qarşısında vaxt keçirmək uşaqların fiziki sağlamlığına, yuxu rejiminə və sosial bacarıqlarına mənfi təsir edə bilər. Davamlı olaraq onlayn olmaq istəyi diqqət dağınıqlığına və dərs performansının aşağı düşməsinə səbəb ola bilər. Bu baxımdan valideyn nəzarəti və düzgün zaman planlaması böyük əhəmiyyət daşıyır. Bir çox platformalarda yaş məhdudiyyəti və məxfilik ayarları mövcuddur. Bu ayarların düzgün qurulması uşağın təhlükəsizliyini artırır. Eyni zamanda məktəblərdə rəqəmsal savadlılıq dərslərinin keçirilməsi uşaqlara təhlükəsiz internet istifadəsi qaydalarını öyrədə bilər. Faktdır ki, əqəmsal mühit uşaqlar üçün həm imkan, həm də risk mənbəyidir. Əsas məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onlara təhlükəsiz və məsuliyyətli istifadə vərdişləri aşılamaqdır. Ailə, məktəb və cəmiyyət birlikdə hərəkət etdikdə uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması daha effektiv şəkildə təmin oluna bilər. Bu istiqamətdə davamlı maarifləndirmə, texniki nəzarət və açıq ünsiyyət ən güclü müdafiə vasitələridir.

Ramil QULİYEV

Seçilən
24
43
baki-xeber.com

10Mənbələr