Bəli, müharibə başladı. Ötən həftənin sonunda xəbər gəldi ki, ABŞ (müttəfiqi İsraillə birlikdə!) və İran qarşılıqlı raket hücumuna start veriblər. Artıq ilk gündən məlum oldu ki, İran da ABŞ-ın bölgədəki müttəfiqlərinə də zərbələr endirməyə başlayıb. Tehran əvvəllər də bunu deyirdi, amma müharibənin coğrafiyasının bu qədər genişlənməsi onun üçün nə dərəcədə məqbul və məntiqlidir?
İlk anlardan müharibənin tempi bir o qədər də böyük savaş təsiri bağışlamırdı. Bunu ona görə deyirik ki, belə hücumlar adətən ildırım sürətli olur. Həm də deyəsən, əməliyyatlara çox hay-küylü “Şir nərəsi” adı veriblər. Görək, doğrulacaqmı?
Əlbəttə ki, zaman göstərəcəkdir. Artıq indidən bunun ABŞ üçün Vyetnam və ya Koreya, xüsusən də Əfqanıstan olacağı deyilir. Amma söylədiyim ölkələrin heç birinin məxsusi özəllikləri, müharibəni çətinləşdirən xüsusiyyətləri (məsələn, Vyetnamdakı meşələr-cəngəlliklər, Əfqanıstandakı dağlıq şərait!) İranda yoxdur, adətən Ştatlar bu regiondakı əməliyyatlarda hələki böyük uğursuzluqlar yaşamayıb, əlbəttə, nəzərə almasaq ki, İran çox böyük ölkədir, 80 milyondan çox əhalisi var, silah-sursat sarıdan kasadlıq yaşamır, o halda ABŞ və İsrailin bu əməliyyatarına ifrat optimist münasibət sərgiləməyə də əsas olmadığı ilə razılaşmaq lazım gələr.
Bir sözlə, gözləyək, görək, nə olur? Düşündürücü məqamlardan biri də budur ki, Vaşinqtonla Təl-Əvivin məqsədləri də tam aydın deyil. ABŞ prezidenti daim belə detalı vurğulayırdı ki, Tehranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək, Təl-Əvivsə bu xüsusdakı bəyanatlarında bir az da sərtlik edir, Tehranın hətta raket potensialını da maksimum dərəcədə məhdudlaşdırmağa zərurət olduğunu bildirirdi. O ki qaldı İran rejiminin taleyinə, nə Vaşinqton, nə də Təl-Əviv hələ bu haqda israrlı bir mövqe nümayiş etdirməyib, necə deyər, 50:50! Gah deyirlər ki, rejim də dəyişməlidir, gah da işarə edirlər ki, ruhani rejimilə də sövdələşməyə hazırdırlar.
O ki qaldı rejimlə bağlı daxili siyasi “aktor”lara, Əli Xameneyi yaxınlarda az qala, vəsiyyətini etdi və deyildi ki, guya yerinə kimisə hazırlayıb. Onda da dedik ki, bu, onun tək qocalığı ilə bağlı məsələ deyil, güman, dini lider ən müdhiş senariləri belə istisna etmir, rejimin maraqları naminə iranlıları da ən ağır senarilərə sürükləməyə hazırlaşır. Bazar günü Xameneyinin artıq öldürülməsi xəbəri gəldi.
Prezident doktor Pezeşkian (təəssüf, getdikcə hətta görkəmcə keçmiş mühafizəkar prezident Əhmədinejada bənzəməyə başlayır. Xameneyidən sonra hakimiyyəti əlində cəmləşdirməsiçün şansı yaranıb, görək, bacaracaqmı?) hətta etirazlara və etirazçılara anlaşıqla yanaşamağa cəhd etsə də bunu rəqib dövlətlərə qarşı biruzə vermir, onlarla anlaşmağa çalışmır, əksinə daim ruhani elitasıyla eyni bir siyasi düşərgədə olduğunu nümayiş etdirməyə cəhd edir.
Qalır üçüncüsü, yəni şahzadə Pəhləvi. Hərbi əməliyyatlar başlayan kimi onun nəniki İran xalqına, hətta ABŞ prezidentinə də xüsusi müraciəti oldu və bu adam faktiki olaraq özünü İran etirazlarının lideri kimi təqdim etməkdə davam edir, hərçənd, hələ də İran daxilində dayaqlarının güclü olmadığı deyilir. Uzağı bircə ayın söhbəti olar. Avropalılar Pəhləvini qəbul etməyə cəsarət etmədilər, ona tribuna vermədilər, amma bir-iki həftə əvvəl deyildi ki, Trampın tapşırığı ilə mühüm ABŞ rəsmiləri Pəhləvilə də görüşüblər, hərçənd, görüşün predemti aydın olsa da, onun nəticələri haqda söz deyilmədi.
Başqalarını bilmirəm, şəxsən mən siyasi təhlilçi kimi hətta hansısa siyasətçidən yazanda belə onu hiss etməyə, duymağa çalışıram. Bu mənada Pəhləvi də istisna deyildi. Hərçənd, adam zahirən özünə qarşı etimad yaratmır, ona baxanda yadıma bizim keçmiş müxalifətdəki bir funksioner düşür: adamın göz bəbəkləri daim fırfıra kimi fırlanırdı!
Psixoloq deyiləm, amma onların fikirincə, yumşaq şəkildə desək, şübhəli işlərlə məşğul olan, adətən şübhəli reputasiyası olan insanlarda belə narahatlıq olur. Doğrusu, şahzadə Pəhləvi də hətta zahirən belə hiyləgər adama bənzəyir, amma kimsə onu sevməyə, hətta nifrət edə bilər, fəqət, inkar edilə bilməz ki, adam hazırki İran siyasətində çox ciddi “aktor”dur və onu nəzərə almamaq mükün deyil. Mən bu yaxınlarda onun tərəfdarlarının müxtəlif ölkələrdə keçirdikləri aksiyaların statsitikası ilə maraqlandım: şişrtmələr ola bilər, amma hiss olunur ki, mühacirətdəki iranlılar ona həqiqətən də dəstək verir.
Bilirsiniz, İranda son etirazlar başlayanda, onun institusional tərəflərinə diqqət çəkdik–bunlar ya zəif idi, ya da, ümumiyyətlə, yox idi. Sanki hər şey bir xaos təsiri bağışlayırdı; əlbəttə, belə proseslər tamam idarəsiz də olmur, tamam spontan xarakter də daşımır, üstəgəl, prezident Pezeşkian azı bir dəfə onun təmsilçilərilə görüşmüşdü, yəni bu da o deməkdir ki, ortada hər halda, kimlərsə var.
Amma Pezeşkianla görüşdən sonra belə məlum olmadı ki, bu etirazçıların bir təlləbi var, ya yoxdur? Adətən hökumət və ya dövlət başçıları belə adamlarla görüşəndə özləri də hansısa təkliflər hazırlayırlar. Amma biz bütün bunları görmədik və indi də görmürük, əvəzində həlak olmuş etirazçılara yas tutulur, hətta göz yaşları axıdılır, amma bunların nə mənası? Kimə lazımdır “timsah göz” yaşları? Bu etirazçılar (rəsmən 3000, belədəsə, 30000-dən çox!) niyə görə öldülər, kim buna görə cavab verməlidir? Məlum deyil...
Həm də problem nədədir? Ruhani hakimiyyəti uzun illər ərzində ölkə müxalifətini sıxışdıra-sıxışdıra ölkə xaricinə çıxardı, ölkənin daxilində onların bütün institutlarını-strukturlarını, hətta tribunalarını tamamilə məhv etdi. İndi Tehranda “sistemdaxili partiyalar” var, amma çoxu ya hakimiyyətin öz “partiya”larıdır, ya da onun siyasi oyuncaqlarıdır!
Ona görə Pəhləvilərin hətta indi də önə çıxmasına qətiyyən təəccüb etməyin: siyasət böyük əlaqələr, hətta böyük pullar deməkdir. İrandan köçüb getmiş ziyalılarda, siyasi-dissidentlərdə bunların demək olar, heç biri yoxdur...
Həm də bir detal da var. 90-cı illərin əvvəllərindəki bir müşahidəmi deyəcəm. O vaxt hələ də buralarda bəzi iranlı siyasi mühacirlərə rast gəlmək olurdu, onlar hərdən bəzi partiyalarımıza baş çəkərdi. Amma görürdük ki, bu adamlar biri-birilə ünsiyyətdə olmurlar, uzağı, biri-birini başlarıyla salamlayırlar. Maraqlı idi bizim üçün və səbəbini bilmək istəyirdik, çnüki istənilən adam qərib ölkədə (Azərbyacan onlar üçün tamam qərib olmasa da!) həmvətənlərini görəndə adətən onlara isnişir, yaxın olmaq istəyir. Amma bunlar, əksinə biri-birindən qaçardılar. Nə isə, məlum oldu ki, bu adamlar biri–birindən ehtiyat edirlər, az qala, biri-birini SEPAH-ın, yaxud qeyri repressiv strukturun agenti hesab edirlər!
Onda dəhşətə gəldim ki, aman Allah, gör, ruhanilər ölkəni, onların insanlarını hansı vəziyyətə salıblar!..
Odur, hətta kənarda güclü İran müxalifətinin olmamasına təəccüb etməyin. Həm də bilirsiniz, şah sülaləsi haqqında çox şey deyilir. Söz yox, o, hər şeydən əvvəl despotik Şərq monarxiyası idi və onun böyük repressiv potensialının olmasını qəti istisna etmirik – İran şahı, keçmiş Pəhləvi dissident-demokrat deyildi ki, despot idi, monarx-şah idi, onun monarxiya institutu da liberal İngiltərənin və yaxuda başqa bir Avropa ölkəsinin monarxiya institutu deyildi, adam müəyyən qədər Qərb təhsilli olsa da, bütün hallarda, keçmiş Rza şah idi - bir daha deyirik ki, Şərq despotu idi, hətta üç xanımı da vardı – Qərb tərbiyəsini görmüş adamda belə bir şey ola bilərdimi? Bu şərqli-müsəlmanlarçün xarakterik şey idi...
Amma bu illər ərzində başqa şeylər də deyilir, yazılır. Məsələn, yazırdılar ki, guya Pəhləvilərə qədər İranda nəinki universitetlər, hətta dünyəvi məktəblər yox imiş. Ölkədə dünyəvi məhkəmə belə yox imiş, az qala, hər şeyi şəriət məhkəmələri həll edirmiş. Əlbəttə, İranın yaxın – uzaq tarixi üzrə mütəxəssis deyilik, amma ruhanilər az zülm edibmi İran vətəndaşlarına? Pəhləvilərdən sonra guya repressiya azaldı? Vaxtilə iranlı siyasi mühacirlər deyirdi ki, gənclərinizi ruhani təhsili almaqçün İrana göndərməyin, orada “molla”lar ruhani yox, az qala, “başkəsən” hazırlayır, gənclərə Qurandan, islamdan çox vuruşmağı - döyüşməyi və ideoloji-siyasi təxribat törətməyi öyrədirlər...
Hətta bir vaxt başqa şeylər də yazılırdı: guya Rza Pəhləvi deyirmiş ki, İranı Cənubi Koreya edəcəm və bundan sonra müttəfiqlərinin münasibəti soyuyub ona.
İnanın, bütün bunların tam həqiqət olduğunu demirik, hətta şah devriləndən, insanlar “molları” tanıyandan sonra əhalidə müəyyən qədər peşimançılıq yaşandığı da deyilirdi. Bu da ola bilər, çünki belə rejimlərdən hər bir yeni hakimiyyət keçmiş hakimiyyətin, necə deyərlər, atasına rəhmət oxutdurur! Bəli, bu, da var!..
Özümüz də həmişə Qərb düşüncəli (söhbət demokratik dəyərlərdən gedir!) adam olmuşuq və indi də əqidəmizi dəyişmək fikrimiz yox. Gəl, bir məsələni inkar edə bilmirik və etmirik: təəssüf, Qərb siyasətçiləri, yumşaq şəkildə desək, şərq - müsəlman dünyasına qarşı elə də səmimi deyillər, daim bu ölkələrə ən axmaq siyasi senariləri sırımağa çalışırlar!
Güman, məqsəd də budur ki, inkişafdan qalsınlar: Türkiyə müsəlman dünyasının, az–çox, əsl dünyəvi, demokratik ölkəsidir, amma niyə ona münasibətdə qərblilər səmimi deyil, niyə bu müsəlman modelinin daha da inkişaf etməsinə, digər müsəlman ölkələrinin də bu yolu seçməsinə dəstək vermir, yardımçı olmurlar?
Dediyim budur ki, bir çox məsələlər göründüyündən qat-qat qəlizdir. Ona görə də qonşu İranın insanları ilk növbədə ölkələrindəki rejimdən qurtulmağa can atmalıdırlar.
Başqa yol yoxdur və mənə hələ elə gəlir ki, hətta ABŞ və yaxud qeyriləri istənilən məqamda hər şeyi bir kənara tullayıb “molla”larla və başqa kiminləsə “bazarlaşa” bilərlər, hərçənd, İsrailin baş naziri, hətta onun müdafiə naziri həftəsonu iranlıları teokratik rejimə qarşı qalxmağa çağırdılar.
Belədəsə, kimsə, xüsusən biz–quzeyli azərbaycanlılar istəmirik ki, oradakı on milyonlarla sadə milli və dini qardaşlarımız böyük fəlakətlər yaşasın, onların bir günahı yoxdur. Qədim İran əfsanəsinə görə Qaf dağında yaşayan Cənnət quşu - Simurğ var. O dəfələrlə oda - atəşə atılsa da yanmır, sönən odun külündən dirilib çıxır...
Sonda bir kiçik qeyd. “Molla” sözünü ona görə dırnaqda yazdım ki, İranda da, başqa müsəlman ölkələrində də xeyli din adamları-mollalar var ki, heç bir siyasətə-filana qarışmırlar, ibadətlərilə məşğul olur, Tanrı və insanlar qarşısında borclarını yerinə yetirirlər...