AZ

“Qarabağ” – “Sabah”: Favorit kimdir?

Bu həftəsonu Azərbaycan Premyer Liqasında çox mühüm bir matç keçiriləcək.

Belə ki, 1 martda “Qarabağ” öz evində “Sabah”ı qonaq edəcək. Saat 19:00-da başlayacaq matç çempionluq yarışı baxımından böyük əhəmiyyət daşıyır. Çünki hazırda hər iki komanda çempionluq uğrunda mübarizə aparırlar. Turnir cədvəlinin zirvəsində yer alan bakılıların 52, rəqibindən 1 oyun az keçirən Ağdam təmsilçisinin isə 45 xalı var. Yəni bu matçda qələbə qazanacaq tərəf çempionluq yolunda böyük üstünlük əldə edəcək.

Bəs maraqla gözlənilən qarşılaşmadan gözləntilər nələrdir?

Futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, oyundan gözləntilər yüksəkdir:


“Çünki çempionatdakı gedişat və bir tərəfin Çempionlar Liqasında göstərdiyi performans onu deməyə əsas verir ki, bu oyun həm həlledici, həm də maraqlı olacaq. Ona görə də gözləntilərim yüksəkdir. Hesab edirəm ki, çempionatın ən gözlənilən və ən baxımlı oyunu olacaq. Bəlkə bol qollu oyun olmaz, amma temp və oyun sürəti olaraq bizi keyfiyyətli bir matç gözləyir”.

Ekspert hansı komandanın qələbəyə daha yaxın olması barədə isə bunları deyib:
“Ard-arda Çempionlar Liqasında oyunlara çıxmaq və məğlub olmaq “Qarabağ”ın futbolçularına təsir edə bilər. Həmçinin, onlarda fiziki baxımdan yorğunluq hissinin də olması mümkündür. Düzdür, onların “Neftçi” ilə oyunu təxirə salındı, ancaq “Nyukasl”la İngiltərədə oynadıqdan sonra qayıtmaq və yenidən əsas heyətlə “Sabah”a qarşı çıxış etmək onlar üçün bir az çətin olacaq. 

“Sabah” isə son oyunlarda yaxşı performans göstərib. Hərçənd ki, axırıncı oyunda son dəqiqələrdə qələbə qazandılar. Lakin hücum və balanslı müdafiə xətti ilə bu iki komandanın oyununda şanslarını bərabərləşdirə bilərik. Ona görə də bu oyunda kimin favorit olduğunu müəyyən etmək çox çətindir”.

Aslan Kərimov hesab edir ki, iki komanda əvvəlki turlarda qarşılaşsaydı, Ağdam təmsilçisi favorit olardı:
“İndi yorğunluğa görə bir qədər vəziyyət dəyişib. Buna rəğmən, təcrübə baxımından “Qarabağ” bir addım öndə ola bilər. Çünki onlar daxili çempionatda yaxşı oynamadıqları oyunlarda belə qələbə qazana bilirlər. Bu, onların təcrübəsindən irəli gəlir. Belə bir təcrübə “Sabah”da o qədər də görünmür. Əksinə, onlar da bəzi oyunlarda çox hücum etsələr də, alınmayıb, son nöqtəni vurmağa futbolçularının təcrübələri çatmayıb. Bu baxımdan, “Qarabağ” bir qədər öndə görünə bilər”.

Mütəxəssis vurğulayıb ki, “Sabah”ın qələbə qazanması onlar üçün çempionluq yolunda böyük bir addım sayıla bilər:
“Nəzəri baxımdan, hər şey ola bilər. Lakin “Qarabağ”ın qalib gələcəyi halda aralarındakı xal fərqi minimuma enəcək. Onu da nəzərə almaq lazımdır ki, “Köhlən atlar” artıq Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün bütün güclərini daxili çempionata verəcəklər. Bu isə çempionluq yarışının qızışmasına və mübarizənin son ana qədər getməsinə səbəb olacaq. 

Üstəlik, “Qarabağ” çempionatın sonuna qədər məğlubiyyətsiz və xal itirmədən gedə biləcək gücdədir. “Sabah” isə təcrübəsizlik baxımından hansısa turlarda xal itirə bilər. Ona görə də “Qarabağ” qələbə qazandığı halda çempionluq yarışı son tura qədər davam edə bilər. “Sabah” qələbə qazanacağı təqdirdə isə çempionluq şanslarını artıracaq”.

Elmir Mustafa


 

Seçilən
0
15
hit.az

10Mənbələr