“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması müasir tariximizin ən mühüm hadisəsidir. 2020-ci ildə baş vermis 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu. 2023-cü ilin sentyabrında isə Qarabağ erməni separatçılarından tam təmizləndi və həmin il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda üçrəngli bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini xalqımıza yaşatdı”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, hazırda Xocalıda bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir. Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırım törətdilər. Şəhər bir neçə saatın içində tamam məhv edildi, uşaqlara, qadınlara, qocalara belə aman verilmədi. Xocalı qətliamı hər bir azərbaycanlının qəlbini incidir. Prezident İlham Əliyev Xocalıda üçrəngli bayrağımızı ucaltdıqdan sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatlıq tapdı. İlk dəfə olaraq bu soyqırımının 32-ci ildönümü məhz Xocalı şəhərində də anıldı.
Millət vəkilinin sözlərinə görə, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışını ediblər. Bu Memorialın təməli iki il öncə dövlət başçısı tərəfindən qoyulmuşdu. Memorial Heydər Əliyev Fondunun layihəsi üzrə inşa edilib. Memorial Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Xocalı Soyqırımı Memorialında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alır. Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq. Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alır. Bütövlükdə, işğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq.
Memorialın açılışında çıxışı zamanı Prezident İlham Əliyev Xocalı soyqırımını Azərbaycan xalqı üçün ən böyük faciə kimi dəyərləndirib. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün həm Azərbaycan dövləti, həm də qeyri-hökumət təşkilatları fəal çalışıblar. Dövlət başçısı bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayaraq deyib: “Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı”. Qeyd edək ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. “Justice for Khojaly” informasiya portalı isə ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır.
Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı çıxışında işğal dövründən qələbəyədək olan dövrü geniş təhlil edib, Azərbaycana qarşı təzyiqləri, təhdidləri xatırladıb. Lakin bütün bunlar dövlətimizi və xalqımızı qorxutmayıb. Məhz xalqımızın şücaəti və dövlətimizin qətiyyəti nəticəsində torpaqlarımız işğaldan azad olunub, hərbi cinayətkarlar ədalət mühakiməsinə çıxarılıb. Azərbaycan müasir tariximizdə nadir ölkələrdəndir ki, həm öz ərazi bütövlüyünü və tam suverenliyini öz gücü ilə, heç bir yerdən yardım almadan, bütün təzyiqləri dəf edərək bərpa etdi, həm də müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxslərin mühakiməsinə nail oldu. Azərbaycan öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə ədaləti təmin etdi. Belə ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbərliyində olmuş ermənilər, torpaqlarımızın işğalında iştirak edən yüksək rütbəli hərbçilər ədalət mühakiməsinə çıxarılaraq layiqli cəzalarını aldılar.
“Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində dünyada bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmayıb. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir. Xocalı Soyqırımı Memorialı da Azərbaycan xalqının əyilməz ruhunu ifadə edir”,-deyə Samir Vəliyev vurğulayıb.