Meteoroloji proqnozlara əsasən, qarşıdakı günlərdə ölkəmizin bəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraiti gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.
Bununla əlaqədar olaraq Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edir. Sürücülərdən xahiş edilir:
• hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;
• öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar;
• qəfil manevrlərdən və kəskin əyləclərdən çəkinsinlər;
• yağış, duman və ya qar zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər;
• zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar.
Piyadalara tövsiyə olunur:
• yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər;
• hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər;
• qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar.
Unutmayaq ki, çətin hava şəraitində yolda atılan hər bir düzgün addım bir həyatın qorunmasına xidmət edir. Qaydalara əməl edək, təhlükəsizliyi birlikdə təmin edək.
XQ