Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Bakıda birinci və ikinci dərəcəli məşqçi kursları təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Nəzəri və praktiki hissələrdən ibarət olacaq təlimləri FIVB-nin məşqçi-müəllimi, professor Cengiz Akarçeşme keçəcək.
İmtahandan uğurla keçən iştirakçılara müvafiq dərəcələr üzrə sertifikatlar təqdim olunacaq. 1-ci dərəcəli sertifikat alanlar yerli çempionatlarda rəsmi məşqçi kimi fəaliyyət göstərmək, hər iki mərhələni bitirənlər isə FIVB-nin “Level-1” seminarına qatılmaq hüququ qazanacaqlar.
Qeyd edək ki, 30 mart – 4 aprel tarixlərində 1-ci dərəcə, aprelin 6-10-u aralığında isə 2-ci dərəcə üzrə kurslar baş tutacaq. Ötən il Qəbələ, Sumqayıt və Bakıda analoji təlimlər keçirən AVF gələcəkdə ölkə ərazisində FIVB-nin “Level-1” və “Level-2” kurslarını da təşkil etməyi planlaşdırır.