AZ

"Axios": Tramp Zelenskiyə müharibənin "bir ay ərzində" başa çatmasını istədiyini deyib - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynadakı müharibənin bir ay ərzində başa çatmasını istədiyini bildirib.

"Far.Az"un məlumatına görə, danışığın əlavə detallarını "Axios" portalı üç mənbəyə istinadən təqdim edib.

Mənbələrin məlumatına görə, söhbət "dostyana və müsbət" atmosferdə keçib.

Zelenski köməyə görə Trampa təşəkkür edib və bildirib ki, Rusiya lideri Vladimir Putini müharibəni dayandırmağa yalnız ABŞ Prezidenti məcbur edə bilər.

"Daha sonra Zelenski müharibənin bu il bitəcəyinə ümid etdiyini deyib, Tramp isə müharibənin çox uzun çəkdiyini və onun bir ay ərzində bitməsini istədiyini bildirib", - "Axios"un mənbələrindən biri söhbəti nəql edib.

Ağ Ev nəşrin şərh sorğusuna cavab verməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə bu yaxınlarda baş tutan telefon danışığının detallarını açıqlayıb.

"Far.Az"un məlumatına görə, Zelenski bu barədə öz "Telegram" kanalında yazıb.

"Az əvvəl ABŞ Prezidenti Donald Tramp ilə danışdım. Söhbətə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşuldular. Hazırda komandalarımız çox çalışır və mən bütün səylərə, müharibənin dayandırılması ilə bağlı danışıqlara bu cür cəlb olunduqlarına görə təşəkkür etdim", - Zelenski paylaşımda qeyd edib.

O həmçinin PURL proqramının əhəmiyyətini və Ukraynanın daha effektiv müdafiə üçün ABŞ-dən ala biləcəyi hava hücumundan müdafiə sistemlərinin vacibliyini qeyd edib.

"Sabah Cenevrədə nümayəndələrimizin ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də martın ilk günlərində danışıqlar aparan komandaların tam tərkibdə üçtərəfli formatda növbəti görüşünə hazırlığı müzakirə etdik", - Zelenski əlavə edib.

Ukrayna lideri bu danışıqların liderlər səviyyəsində görüşün təşkil edilməsinə imkan yaradacağına ümidvar olduğunu bildirib.

"Prezident Tramp bu cür addımlar ardıcıllığını dəstəkləyir. Bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəni bitirməyin yeganə yolu budur", - Zelenski fikirlərini yekunlaşdırıb.

Seçilən
31
4
far.az

8Mənbələr