AZ

Dmanisidə Xocalı qurbanlarına ehtiram

Dmanisi Tədris Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Mərkəzin rəhbəri Kamran Xıdırov Xocalı soyqırımı şəhidlərin xatirəsinin daim ehtiramla anılmasının hər bir gəncin mənəvi borcu olduğunu bildirib. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli yaddaşın qorunması və Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini xüsusilə qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Rəşad Məmmədov 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır bəşəri cinayətlərdən biri olduğunu bildirib, həmin dövrdə ölkəmizin mürəkkəb ictimai-siyasi şəraitdə olduğunu, faciənin qarşısını ala bilmədiyini qeyd edib. Onun sözlərinə görə, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.

R.Məmmədov bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan, ərazi bütövlüyünü bərpa etmiş güclü dövlətdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldığını qeyd edib və tarixi ədalətin bərpasının xalqımızın birliyi və gücünün bariz nümunəsi olduğunu vurğulayıb.

Sonda mərkəzin şagirdləri tərəfindən Xocalıya həsr olunmuş rəsmlər sərgilənib,  vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
9
2
xalqqazeti.az

3Mənbələr