AZ

Xocalı faciəsi qurbanlarının xatirəsi Dmanisidə ehtiramla anılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Tbilisi, 24 fevral, AZƏRTAC

Gürcüstanın Dmanisi rayonunda fəaliyyət göstərən “Dmanisi Tədris Mərkəzi”ndə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir çərçivəsində mərkəzin şagirdlərinin Xocalıya həsr etdikləri rəsmlərin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub,

Mərkəzin rəhbəri Kamran Xıdırov çıxış edərək Xocalı soyqırımının başvermə səbəbləri, acı nəticələri barədə danışıb. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli yaddaşın qorunması və Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Rəşad Məmmədov 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Həmin dövrdə ölkəmizin mürəkkəb ictimai-siyasi şəraitdə olduğunu qeyd edib. O, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verildiyini və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü kimi elan olunduğunu nəzərə çatdırıb.

R.Məmmədov bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan, ərazi bütövlüyünü bərpa etmiş güclü dövlətdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldığını qeyd edib və tarixi ədalətin bərpasının xalqımızın birliyi və gücünün bariz nümunəsi olduğunu vurğulayıb.

Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiya təqdim ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
2
azertag.az

3Mənbələr