Misli Premyer Liqasının 14-cü turundan təxirə salınan “Qəbələ” - “Turan Tovuz” matçı (0:3) avtoqolla əlamətdar olub.
İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.
Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda Seydina Keytaya qədər 249 belə hal yaşanmışdı.
İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.
İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. S. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.
Qeyd edək ki, 2022/2023 mövsümündə daha çox – 18 avtoqol olub. 1993/1994 mövsümündə belə qol qeydə alınmayıb.