Litva sərhədi yaxınlığında yerləşən Belarusun Veseluxa kəndinin sahibi, orada aqroturizm məhəlləsi yaratmaq cəhdi uğursuz olduqdan sonra kəndi satışa çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə daşınmaz əmlak satışı portallarının məlumatlarına istinadla RİA Novosti məlumat yayıb.
"Səfalı və gözdən uzaq bir yerdə yerləşən, üç həyətdən ibarət bütöv bir kənd satılır, xüsusi mülkiyyətdir. Qiyməti 30 min Belarus rublu, yaxud təxminən 10 524 dollardır (Təxminən 17848 AZN)", - elanda deyilir.
Veseluxa Postavı şəhərindən beş kilometr, Litva sərhədindən isə 20 kilometr məsafədə yerləşir. Kənd meşə kənarında, çay yaxınlığında çox mənzərəli bir yerdədir; burada istifadəsiz qalmış üç tikili və quyu var. Yaşayış məntəqəsində kanalizasiya sistemi yoxdur, elektrik xətti çəkilib, evlər isə soba ilə qızdırılır.
"Selskaya qazeta" nəşrinin məlumatına görə, hazırkı sahib ərazini aqroturizm yaratmaq məqsədilə xüsusi şəxslərdən alıb, lakin layihəni reallaşdıra bilməyib.