AZ

Türkiyədə F-16 qırıcısı qəzaya uğradı, pilot həlak oldu

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Balıkesir vilayətində 9-cu Ana Reaktiv Baza Komandanlığının aviasiya parkına məxsus F-16 qırıcısı planlı uçuş zamanı qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, hadisə gecə saat 00:50 radələrində baş verib. Məlumata görə, bazadan qalxan F-16 qırıcısı havaya qalxdıqdan qısa müddət sonra qəzaya düşüb. Təyyarə İstanbul–İzmir magistral yolunun Karesi istiqamətində yol kənarına çırpılıb. Zərbə nəticəsində təyyarənin hissələri ətrafa səpələnib.

Balıkesir valisi İsmayıl Ustaoğlu sosial şəbəkə hesabında açıqlamasında bildirib ki, qırıcı planlı tapşırıq uçuşu zamanı qəzaya uğrayıb və pilot həlak olub. Vali hadisənin gecə saat 00:50 radələrində baş verdiyini qeyd edərək, həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verib.

Türkiyənin Milli Müdafiə Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, saat 00:56-dan etibarən F-16 ilə radioəlaqə və izləmə məlumatı kəsilib. Dərhal başladılan axtarış-xilasetmə tədbirləri nəticəsində təyyarənin qəzaya uğradığı müəyyənləşdirilib və qalıqlarına çatılıb. Nazirlik açıqlamasında pilotun həlak olduğu təsdiqlənib. Qəzanın səbəbi xüsusi istintaq komissiyasının aparacağı texniki araşdırmadan sonra müəyyən ediləcək.

Daxili İşlər Nazirliyi də hadisənin bütün istiqamətlər üzrə diqqətlə izlənildiyini, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparıldığını bəyan edib. Bildirilib ki, texniki araşdırmanın nəticələri qəzanın səbəblərinə aydınlıq gətirəcək.

Eyni zamanda Ədliyyə naziri Akın Gürek hadisə ilə bağlı başsağlığı mesajı yayıb. Məlumata əsasən, Balıkesir Respublika Prokurorluğu tərəfindən fakt üzrə istintaq başlanılıb, prokurorluq rəhbərliyi və iki prokuror hadisə yerinə ezam olunub.

Hadisədən sonra qəzaya uğrayan təyyarənin qalıqlarının ilk görüntüləri də ictimaiyyətə təqdim edilib. Şahidlər tərəfindən çəkilən kadrlarda təyyarənin parçalarının yol kənarında səpələndiyi müşahidə olunur.

Seçilən
39
4
turkic.world

10Mənbələr