Özbəkistan Dövlət Tarix Muzeyində Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Akif Marifli ilə muzeyin direktoru Cənnət İsmayılova arasında görüş keçirilib.
Görüş zamanı tərəflər muzey fəaliyyətinin mövcud vəziyyəti, ikitərəfli mədəni əməkdaşlığın inkişaf perspektivləri, həmçinin birgə sərgi və elmi-maarifləndirici layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı çərçivəsində həyata keçirilir və bu proses Azərbaycan və Özbəkista Prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin həyata keçirdiyi siyasət nəticəsində daha da möhkəmlənir.
Tərəflər həmçinin, iki xalqın zəngin tarixi-mədəni irsinin təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi və muzeylərarası əlaqələrin yeni mərhələyə yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.
Görüşün yekununda AMM-nin layihəsi çərçivəsində Özbəkistan Dövlət Tarix Muzeyində Azərbaycanın tarixi, mədəniyyəti və dövlətçilik ənənələrinə həsr olunmuş daimi ekspozisiya bölməsinin yaradılması, ekspozisiyanın mərkəz tərəfindən formalaşdırılması və Azərbaycan eksponatlarının muzeydə daimi əsasda nümayiş etdirilməsi barədə razılıq əldə olunub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd