AZ

BDU ilə FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

BDU ilə FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı Dövlət Universitetində (BDU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Məhəmməd Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Universitetdən AFN.az-a verilən məlumata görə, görüş zamanı tərəflər arasında mövcud əməkdaşlıq və gələcək birgə fəaliyyət imkanları geniş şəkildə nəzərdən keçirilib. BDU-nun rektoru Elçin Babayev Universitetin aqrar elmlər, biologiya və qida təhlükəsizliyi istiqamətlərində elmi-tədqiqat imkanları barədə məlumat verib. Qeyd olunub ki, biologiya, biotexnologiya, torpaqşünaslıq, kimya və qida mühəndisliyi sahələrində formalaşmış elmi mühit beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.

FAO-nun Azərbaycandakı nümayəndəsi Məhəmməd Nasar Hayat isə BDU-nun güclü akademik və laboratoriya potensialının ölkədə kənd təsərrüfatı və qida sistemlərinin inkişafına mühüm töhfə verəcəyini bildirib. Görüşdə FAO-nun informasiya resurslarına BDU əməkdaşlarının çıxışını təmin etmək və Universitetin alimlərini beynəlxalq layihələrə ekspert qismində cəlb etmək təklif olunub.

Müzakirələr zamanı BDU laboratoriyalarında birgə tədqiqatların aparılması, qida təhlükəsizliyi və keyfiyyət sistemləri, o cümlədən HACCP üzrə təlimlərin təşkili və birgə elmi nəşrlərin hazırlanması məsələləri diqqət mərkəzində olub. Görüşün sonunda tərəflər əməkdaşlığın mərhələli inkişafı və konkret fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.

Seçilən
6
1
afn.az

3Mənbələr