“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.
Publika.az xəbər verir ki, təlimin yeddinci günündə ustad dərslərini Xalq artisti Roza Tağıyeva, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva keçiblər.
Bu dəfə təlim “Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusuna həsr olunub.
Təlim çərçivəsində Xalq artisti Roza Tağıyeva “Nitqin gözəlliyi” mövzusunda danışıb. O, efirdə düzgün danışığın vacibliyini vurğulayıb və iştirakçılara son dönəmlərdə “söylədim ki, söyləyim” ifadələrindən çox istifadə edildiyini və bunun yerinə “dedim” sözündən daha çox istifadə etmək lazım olduğunu bildirib.
Roza Tağıyeva, həmçinin xarici adların və rus sözlərinin düzgün tələffüz edilməsinin, “dan-dən” şəkilçilərindəki səslərə diqqət göstərilməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, efirdə loru danışıq yolverilməzdir, amma təbiilik və məntiqi vurğu qorunmalıdır.