Bakı, TurkicWorld
Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Tomas Ştəliyə (Thomas Stähli) açıq məktub ünvanlayıb.
TurkicWorld məktubu təqdim edir: "Biz Azərbaycan vətəndaş cəmiyyəti təsisatları olaraq, İsveçrə Konfederasiyasında sistemli şəkildə anti-Azərbaycan narrativinin formalaşdırılması cəhdlərini müşahidə edirik. İsveçrə parlamentinin hansısa "Sülh Forumu" adı altında ortaya atdığı bu narrativlər Ermənistanda revanşizmin alovlandırılmasına, Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağa xidmət edir. Azərbaycana qarşı nifrət üzərində qurulan iftira kampaniyası regionda sülh və etimad quruculuğunu zədələməyə, separatizmin yenidən təbliğinə yönəlib.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə təxribatçı fəaliyyət, tarixin arxivinə göndərilmiş ritorika və terminologiyadan istifadə İsveçrə Konfederasiyasında adi hal almaqdadır. Bəzi İsveçrə parlamentarilərinin son vaxtlar Qarabağ məsələsini "bağlanmış" hesab etmədiyini tez-tez dilə gətirmələri, Erik Fontobelin və digərlərinin İrəvanda revanşistlərin "ofisləri"ndə görüşlər keçirmələri anlaşılmır. Qərargahı İsveçrədə yerləşən "Beynəlxalq Xristian Həmrəyliyi" təşkilatı isə Qarabağ məsələsini dini müstəvidə qələmə verməyə çalışır, Azərbaycana böhtan atır.
Biz bundan əvvəl də sizə üz tutaraq bildirmişdik ki, belə təşəbbüslər xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmət bəslədiyini iddia edən bir ölkənin parlamentində irəli sürüləndə, qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsə tərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndə obyektivlik və bitərəflik prinsipinə zidd olaraq ikili standartların bariz nümunəsinə çevrilir. XXI əsrdə Avropanın mərkəzində məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşılması qəbuledilməzdir. Xüsusilə regiondan kənar dairələrin məsələlərə birtərəfli, qərəzli və irqçi yanaşması yolverilməzdir. Biz bu cür yersiz müdaxilələri bir daha qətiyyətlə pisləyir, onları Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə zərbə hesab edirik.
İsveçrənin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 4 min nəfərə yaxın azərbaycanlı itkinin taleyini aydınlaşdırmaq əvəzinə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü əleyhinə addımlar atmış, o cümlədən vaxtilə Xankəndidə icazəsiz ofis açmışdı. BQXK özünün humanitar təşkilat olduğunu iddia etsə də, əslində, qəbuledilməz siyasi fəaliyyətlə məşğul olmuşdur. BQXK-nın mandatına zidd olan bu təlimatların mənbəyi haradır?
Biz BQXK-nın Azərbaycanın etibarından sui-istifadə edərək emblemi altında olan yük və təcili tibbi yardım avtomobilləri ilə qaçaqmalçılıqla məşğul olmasını, bu xüsusda həmin nəqliyyat vasitələrində aşkarlanan benzin, siqaret, mobil telefon qutularını da unutmamışıq. "Humanitar yardım" adı altında Azərbaycanın suveren ərazilərində qanunsuz ticarət dövriyyəsinin aparılmasına, fırıldaqçılığa niyə göz yumulub?
İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynov adlı birini aylarla inzibati binasında gizlətməklə, İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə qadın paltarında ölkədən qaçırmaqla hansı məqsəd güdüb? Emin Hüseynovun bu gün Azərbaycan dövlətinə qarşı çirkin iftira kampaniyasında İsveçrə dövlətinin rolu nədir?
Bizim suallarımız çoxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar biz - Azərbaycan Milli QHT Forumunun təmsilçiləri 100-lərlə Azərbaycan QHT-sini birləşdirən çətir təşkilat olaraq, Sizinlə görüşməyə hazırıq".