London, 19 fevral, AZƏRTAC
Böyük Britaniyanın “Thames Valley Police” qurumu dövlət vəzifəsində mümkün sui-istifadə şübhəsi ilə saxlanılan Kral III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbetten Vindzorla bağlı rəsmi bəyanat yayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, polisin açıqlamasında bildirilir: “Bu gün Norfolk bölgəsindən olan, altmış yaşlarında bir kişi dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə saxlanılıb. Berkşir və Norfolkdakı ünvanlarda axtarışlar aparılır. Həmin şəxs hazırda polis nəzarətində saxlanılır”.
BBC mənbələrinin bildirdiyinə əsasən, hadisə “Epşteyn sənədləri” ilə bağlı aparılan araşdırmada mühüm inkişaf fonunda baş verib. İddialara görə, Endryu Böyük Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə bəzi sənədlərin məhkum olunmuş maliyyəçi və pedofil Ceffri Epşteynə ötürülməsi ilə bağlı şübhələr araşdırılır. Endryu indiyədək bütün ittihamları qətiyyətlə rədd edib. İstintaq davam edir. Onun saxlanılması keçmiş şahzadənin 66 yaşı tamam olduğu günə təsadüf edib.
14:31
Böyük Britaniya Kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbetten Vindzor saxlanılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Endryu dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə saxlanılıb. Onu hansı polis qurumunun saxladığı hələlik açıqlanmayıb. Lakin bu səhər Norfolkda, onun yaşadığı Sandrinqham House iqamətgahında nişansız polis avtomobillərinin göründüyü bildirilir.
Bu, keçmiş şahzadənin ilk dəfə rəsmi şəkildə saxlanılmasıdır. Britaniya kral ailəsinin üzvü Endryu Mauntbetten Vindsor pedofil Cefri Epşteynlə əlaqələri ilə bağlı qalmaqaldan sonra qalan kral titullarından da rəsmi şəkildə məhrum edilib. Endryu indiyədək bütün ittihamları qəti və ardıcıl şəkildə rədd edib.
“BBC News”un məlumatına əsasən, saxlanılma dövlət vəzifəsində mümkün qanunsuz hərəkətlərlə bağlı aparılan araşdırma çərçivəsində həyata keçirilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London