AZ

Draqan Skoçiç “Traktor”u tərk etdi, yeni baş məşqçi bəlli oldu – ARENA.AZ

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor”un baş məşqçisi Draqan Skoçiç öz istəyi ilə postundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Təbriz klubunun mətbuat xidməti məlumat yayıb.

İstefanın dəqiq səbəbləri açıqlanmır. Klub Skoçiçə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Draqan Skoçiç 2024-cü ilin iyunundan “Traktor”a rəhbərlik edirdi. O, sözügedən komandanı bütövlükdə 68 oyuna çıxarıb, 40 qələbə, 18 heç-heçə və 10 məğlubiyyət görüb.

Təbriz təmsilçisi 2024/2025-ci illər mövsümündə 57 yaşlı xorvatiyalı mütəxəssisin rəhbərliyi altında İran çempionatının qalibi olub.

Skoçiç əvvəllər “Riyeka”, “İnterblok”, “Əl-Ərəbi”, “Əl-Nəsr”, “Malavan”, “Fulad”, “Xone be Kone”, “Sanat Naft” komandalarına, İran yığmasına və Xorvatiyanın U-21 kollektivinə də rəhbərlik edib.

Artıq “Traktor”un yeni baş məşqçisi də müəyyənləşib. Klubun Direktorlar Şurasının qərarına əsasən, bu posta Mohammad Rabyei gətirilib. Mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

“Traktor” hazırda İran çempionatında 35 xalla yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Gol Gohar”dan cəmi 1 xal az toplayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
12
9
arena.az

10Mənbələr