Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.
Aznews.az xəbər verir ki, Bu barədə AGF-dən məlumat verilib.
Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.
Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.
AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.
Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.