İngiltərənin “Tottenhem” klubunun fransalı sol vingeri Vilson Odober zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı fransalı futbolçunun dizində ön çarpaz bağları qopub. Bu üzdən də o, yaxın vaxtlarda əməliyyat olunacaq və uzun müddət meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Vilson Odober 2024-cü ilin yayında İngiltərənin “Börnli” klubundan 29,3 milyon avro müqabilində “Tottenhem”ə keçib. Cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxmış hücumçu 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Tottenhem” karyerası bütövlükdə 54 oyun, 5 qol və 5 assistdən ibarətdir.
Vilson Odober futbola “Trilpor” klubunda qədəm qoyub. Buradan PSJ-yə yol tapmış hücumçu böyük futbolda “Trua”nın heyətində debüt edib, ardınca “Börnli”də oynayıb.
Vilson Odober Fransanın U-16, U-18, U-19, U-20, U-21 və U-23 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.
Odober 2024/2025-ci illər mövsümündə “Tottenhem”lə Avropa Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı fransalı sol vingerin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
