ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025-2026-cı əkin mövsümü üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə nəzərdə tutulan subsidiya ödənişlərinə yaxın günlərdə start verəcək.
BAKU.WS-in məlumtına görə, bu barədə AKİA-nın Dövlət Dəstəyi Şöbəsinin müdiri Rəşad Fəttahov bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə torpaq sahələri monitorinq prosesinə cəlb olunmayan, eləcə də sığorta və aqrokimyəvi analiz tələbinə daxil olmayan fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etdikləri bəyanlar əsasında ödənişlər həyata keçiriləcək.
Rəsmi açıqlamada bildirilir ki, monitorinq mərhələsini uğurla tamamlayan, torpaq analizi aparan, kənd təsərrüfatı sığortası müqaviləsi bağlayan və torpaq sənədləri qaydasında olan fermerlər subsidiya vəsaitlərini daha qısa müddətdə əldə edə biləcəklər.
899 min hektarda əkin aparılıb
AKİA rəsmisinin sözlərinə görə, hazırkı əkin dövründə ölkə üzrə təxminən 899 min hektar sahədə əkin işləri görülüb. 288 mindən artıq fermer tərəfindən EKTİS sisteminə 639 minə yaxın bəyan təqdim edilib.
Hazırda daxil olmuş bəyanların və torpaq sənədlərinin yoxlanılması, eyni zamanda bölgələr üzrə sahələrin monitorinqi prosesi davam etdirilir. Fermerlərin yekun siyahısı təsdiqləndikdən sonra subsidiya vəsaitlərinin köçürülməsinə başlanılacaq.
Subsidiya vəsaiti necə istifadə olunur?
Qeyd edək ki, dövlət dəstəyi çərçivəsində ayrılan subsidiya məbləğləri fermer kartlarına köçürülür.
Fermerlər vəsaitin:
25 faizini nağd şəkildə,
75 faizini isə qeyri-nağd formada kənd təsərrüfatı vasitələrinin alınmasına sərf edə bilərlər.
Bu vəsait mineral gübrələrin, pestisidlərin, herbisidlərin, biohumusun və keyfiyyətli toxumların alınmasına yönəldilə bilər. Eyni zamanda subsidiyalar meyvə bağlarında müasir suvarma sistemlərinin əldə edilməsi və quraşdırılması üçün də istifadə oluna bilər.
Dövlətin məqsədi kənd təsərrüfatında məhsuldarlığın artırılması və fermerlərin maliyyə imkanlarının gücləndirilməsidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.