Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə başçı təyin olunub.
Moderator.az xəbər verir ki, bu, BMT QAK-ın rəsmi bəyanatında və Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda əksini tapıb.
Qeyd edilib ki, regional nümayəndə statusunda Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofisdə fəaliyyət göstərəcək və qurumun bu ölkə ilə yanaşı Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə də Özbəkistandakı işlərinə rəhbərlik edəcək.

Yayılan məlumata əsasən, Mahir Səfərli yanvarın 21-də Astanada Qazaxıstan Xarici İşlər Nazirliyinə etimadnaməsini təqdim edib. Görüş əsnasında tərəflər əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Yaxın həftələr ərzində yeni regional nümayəndənin Mərkəzi Asiya dövlətlərində hökumət orqanları və tərəfdaşlarla görüşlərini davam etdirəcəyi, birgə iş mexanizmlərinin möhkəmləndirilməsi məqsədilə əlavə təmasların nəzərdə tutulduğu vurğulanır.
BMT QAK sıralarında 23 ildən çox humanitar təcrübəyə sahib olan Mahir Səfərli müxtəlif ölkələrdə mürəkkəb humanitar böhranlar və fövqəladə hallar zamanı rəhbər postlarda çalışıb. Son təyinatından öncə o, təşkilatın Yunanıstan və Ukraynadakı nümayəndəliyində müavin vəzifəsini icra edib. Daha əvvəl isə Suriya və Türkiyədə əməliyyat və koordinasiya üzrə yüksək vəzifələrdə xidmət göstərib.
Peşəkar fəaliyyətinin əvvəlki mərhələlərində Mahir Səfərli Əfqanıstan, Liviya, Ukrayna, Qırğızıstan, Liberiya və Azərbaycanda BMT QAK-ın humanitar missiyalarında hüquqi müdafiə və idarəetmə sahələri üzrə müxtəlif postları tutub.
O, həmçinin 2016-2019-cu illər aralığında Cenevrədəki Baş Qərargahda yoxlama və nəzarət funksiyaları üzrə baş inspektor kimi fəaliyyət göstərib.
BMT QAK bəyan edir ki, M.Səfərli yeni statusunda regionda qaçqınların müdafiəsi mexanizminin gücləndirilməsi və vətəndaşsızlıq probleminin aradan qaldırılması istiqamətindəki işlərə rəhbərlik edəcək.
"Zəngin mədəni irsə və tarixə malik, qaçqınlara qonaqpərvər münasibəti və vətəndaşsızlıq probleminin həllində təşəbbüsləri ilə seçilən Mərkəzi Asiya regionunda fəaliyyətə başlamaq mənim üçün böyük şərəfdir", - deyə Mahir Səfərli vurğulayıb.
Bioqrafiyası ilə bağlı məlumatda qeyd olunur ki, Mahir Səfərli hüquq və dövlət idarəçiliyi ixtisası üzrə təhsil alıb. Bununla yanaşı, beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq və münaqişələrin qarşısının alınması üzrə Finlandiya, İtaliya və Norveçdə ixtisasartırma kurslarını bitirib.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.