Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edilib.
Bu barədə BMT QAK-ın rəsmi açıqlamasında, həmçinin Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofis bazasında fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə rəhbərlik edəcək.
BMT QAK-da 23 ildən artıq humanitar təcrübəyə malik Mahir Səfərli müxtəlif ölkələrdə mürəkkəb humanitar böhranlar və fövqəladə vəziyyətlər şəraitində rəhbər vəzifələrdə çalışıb.
O, həmçinin 2016–2019-cu illərdə Cenevrədə yerləşən Baş Qərargahda yoxlama və nəzarət funksiyaları üzrə baş inspektor vəzifəsini icra edib.
Qeyd edək ki, Mahir Səfərli hüquq və dövlət idarəçiliyi üzrə təhsil alıb, həmçinin beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq və münaqişələrin qarşısının alınması sahələrində Finlandiya, İtaliya və Norveçdə ixtisasartırma proqramlarından keçib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.