Ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evində dəm qazı sızması nəticəsində həyatını itirən 64 yaşlı Rəşad Əliyevin keçmişdə mühüm dövlət vəzifələrində çalışdığı məlum olub.
Pravda.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, R.Əliyev son dövrlərdə özəl sektorda fəaliyyət göstərən bir neçə iri şirkətə rəhbərlik edib.
Belə ki, mərhum 90-cı illərdə Dövlət Baş Xəzinədarlığında direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəhbəri, baş nazirin birinci müavininin köməkçisi və digər məsul postlarda xidmət göstərib.
O, sonradan fəaliyyətini biznes sahəsində davam etdirib. R.Əliyev "Toyota Bakı Mərkəzi"nin baş direktoru, "İSR Avto"nun direktoru, "İmprotex Motors"un baş meneceri vəzifələrini tutub, həmçinin STP nəzdindəki bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabr ayından etibarən isə "IZIA Development" şirkətinin direktoru kimi fəaliyyət göstərirmiş.
Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış ictimai-siyasi xadim olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), eləcə də Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı seçilib. "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif olunan F.Əliyev 1983-cü ildə dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə zamanı bağ evində Rəşad Əliyevlə yanaşı, onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Dilarə Əliyeva da qazdan zəhərlənib.
R.Əliyev hadisə yerindəcə keçinib. Xəstəxanaya yerləşdirilən D.Əliyevanın vəziyyəti isə ağır qiymətləndirilir.
Əlavə məlumat olaraq bildirək ki, Rəşad Əliyev "Qara polkovnik" ləqəbi ilə tanınan məşhur polis zabiti, AFFA-nın sabiq vitse-prezidenti Fətulla Hüseynovun bacısı oğludur.