Şəmkir rayonu ərazisində ötən gün baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlardan ikisinin vəziyyəti orta ağırdır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət almış 3 kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. 1997-ci il təvəllüdlü şəxs isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.
1993-cü il təvəllüdlü Zəngilan rayon sakini Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.
Hadisə zamanı 1988-ci il təvəllüdlü Altun Mustafayev sərnişin, İsmayıllı rayon sakini dünyasını dəyişib.
Sərnişinlər - 1994-cü il təvəllüdlü Quba rayon sakini Samir Qurbanov və 1997-ci il təvəllüdlü Şamaxı rayon sakini Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Telegram kanalımız