ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri başlayır: 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək Vens 2008-ci ildə regionu ziyarət edən Dik Çeynidən sonra Bakı və İrəvana gələn ilk vitse-prezidentdir.
Səfər iki ştrix üzrə qiymətləndirilə bilər.
Birincisi, ABŞ 18 il sonra regiona yenidən xüsusi diqqət ayırır;
İkincisi, ABŞ Cənubi Qafqaz siyasətinə ənənəvi Tbilisi xətti yox, Bakı-İrəvan xətti üzrə yanaşır;
Hər iki ştrix Zəngəzur dəhlizi (TRİPP) üzərində birləşir və bu layihə ABŞ-ın təkcə regionda Rusiya və İrana qarşı mövqelərini gücləndirmir, eyni zamanda, Orta dəhliz marşrutu ilə Mərkəzi Asiyaya çıxışa – Çindən Avropaya uzanan xəttə nəzarət etmək, Avrasiyadakı ambisiyaları cilovlamaq imkanı qazandırır. 2008-ci ildən sonra ABŞ-dan Cənubi Qafqaza yüksəkranqlı məmurun gəlişi bu kontekstdə diqqət çəkir.
Vensin gündəliyində iki məsələ xüsusi yer tutur.
1. Vaşinqton anlaşmalarına əsasən Bakı-İrəvan xəttində sülh gündəliyinin inkişaf etdirilməsi: ABŞ vasitəçilik etdiyi sülhün məntiqi sonluğunu görmək istəyir və istisna deyil ki, səfərdən sonra Azərbaycan və Ermənisyan arasında qarşılıqlı əlaqələrin güclənməsi (ticarət əlaqələrinin genişlənməsi, tranzit imkanlarından yararlanma və s.) istiqamətində addımlar intensivləşə bilər;
2. TRİPP (Zəngəzur dəhlizi) layihəsinin praktiki icrasını sürətləndirmək: bu, ABŞ üçün Cənubi Qafqazda – Orta dəhlizdə mövcudluq, eyni zamanda, Mərkəzi Asiya ilə əlaqələr baxımından vacibdir;
Əslində Vensin regiona səfəri Vaşinqtonun Bakı-İrəvan sülh prosesinin və regional kommunikasiyaların zamini olduğunu yerində nümayiş etdirmək kimi də oxuna bilər.
Burada diqqətçəkən məqamlardan biri Dik Çeyninin 18 il öncəki səfərindən sonra regionda nələrin dəyişdiyidir. Çeyninin səfəri Rusiyanın Gürcüstana işğalçı hücumundan sonra baş vermiş və Moskvya qarşısında regionun müdafiəsi məqsədi daşıyırdı. Vensin gəlişində də Kremlə “regiona müdaxilə ABŞ maraqlarına müdaxilədir” mesajı yer alır, xüsusilə Moskvanın Bakı-İrəvan sülh prosesinə daxil olmaq və Zəngəzur dəhlizindən pay almaq istəkləri fonunda.
Hərçənd, 18 il öncəki dövrdən fərqli olaraq, hazırda Moskvanın regiona müdaxilə imkanları xeyli zəifləyib. Rusiya yeni regional reallıqda mövqelərini müəyyən qədər də olsa qorumağın yollarını axtarır və prosesin arxa fonunda ABŞ-la əməkdaşlığa can atdığı görünür. Lakin paralel şəkildə Azərbaycan və Ermənistana təzyiq cəhdləri də müşahidə edilir. Mümkündür ki, Vensin səfərindən sonra Moskvanın belə cəhdləri yenidən aktivləşsin: Ermənistanda seçkiöncəsi vəziyyətə müdaxilə cədləri gözləniləndir, Azərbaycana qarşı da ritorik-informativ təzyiqlər intensivləşə bilər.
Asif Nərimanlı