“Barselona”nın hücumçusu Robert Levandovski 21-ci əsrdə Lionel Messi və Kristiano Ronaldon imza atdığı tarixi nailiyyəti təkrarlayıb.
Arena.az xəbər verir ki, 37 yaşlı forvard bu uğura La Liqanın 23-cü turunda qarşılaşdıqları “Malyorka” ilə matçda imza atıb.
Oyun kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Levandovski isə bu matçda bir qolla yadda qalıb.
Beləliklə, Levandovski 2025/2026-cı illər mövsümündə La Liqada 10 qol vuraraq bu əsrdə Avropanın beş aparıcı liqasında ardıcıl 15 mövsüm ərzində ikirəqəmli sayda qol vuran üçüncü oyunçu olub. Ondan əvvəl bu nəticəni yalnız Ronaldo (16 mövsüm) və Messi (15 mövsüm) göstərib. Ronaldo bunu Premyer Liqa (“Mançester Yunayted”), La Liqada (“Real”) və A Seriyasında (“Yuventus”), Messi isə Fransa (PSJ) və İspaniya (“Barselona”) çempionatlarında bacarıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 28 oyuna çıxıb, 13 qol vurub, 3 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 175 oyun, 114 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 163 oyun keçirib, 88 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.
