AZ

Amerikanın təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə çatıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Avraam Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Ərəbistan dənizinə daxil olub.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

"ABŞ Sahil Mühafizəsinin iki təchizat gəmisi və iki kater gəmisinin müşayiəti ilə "Avraam Linkoln" təyyarədaşıyan gəmisi bu gün Ərəbistan dənizində birgə tranzit əməliyyatı həyata keçirib", - deyə açıqlamada bildirilib.

Mərkəzi Komandanlıq əlavə edib ki, hərbi təyyarələr gəmilərin üzərindən uçub.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi Omanda ABŞ nümayəndələri ilə danışıqlar zamanı Tehranın uranın zənginləşdirilməsindən imtina etmək və ya onu başqa bir ölkəyə ötürmək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın 28-də ABŞ Hərbi Dəniz Qüvvələrinin "Avraam Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi böyük bir silahlı qüvvələr qrupunu Yaxın Şərqə göndərdiyini açıqlayıb.

Eyni zamanda, Amerika rəsmiləri iranlılara üç tələb irəli sürdüklərini bildiriblər: uranın zənginləşdirilməsinə və ehtiyatlarının utilizasiyasına birdəfəlik son qoyulması, ballistik raketlərin sayına məhdudiyyət qoyulması və Yaxın Şərqdəki proksi qruplara bütün dəstəyin dayandırılması.

Seçilən
32
1
far.az

2Mənbələr