Azərbaycanın valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinə dair iclasında bildirilir.
2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5.1% artaraq 11.5 mlrd. ABŞ dollarına çatıb.
Valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6.9 mlrd. ABŞ dollarını üstələyib. Mərkəzi Bankın yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.
Banker.az AMB-dən əldə etdiyi məlumatlara görə isə Azərbaycanda banklar tərəfindən 2025-ci ildə əhalidən cəlb olunan nağd ABŞ dollarının həcmi onlara satılandan təqribən 318.2 mln. ABŞ dolları çox olub. Əhali tərəfindən banklara nağd dollar axınının davam etdiyini göstərir və 2005-ci ildən etibarən qeydə alınan rəsmi statistikaya əsasən, indiyədək müşahidə olunan ən böyük həcmli əks istiqamətli axındır.
Halbuki, 2024-cü ildə vəziyyət əksinə olub — 1 mlrd. 526.3 mln. ABŞ dolları məbləğində nağd dollar axını banklardan əhali tərəfə qeydə alınmışdı.
2025-ci ildə bankların əhaliyə satdığı nağd ABŞ valyutasının həcmi illik 45% azalaraq 1 mlrd. 767 mln. ABŞ dolları təşkil edib, əhalidən aldıqları isə illik 26% artaraq 2 mlrd. 85.2 mln. ABŞ dollarına yüksəlib.
2025-ci ildə əhaliyə ən çox dollar satılan ay yanvar (294.2 mln. ABŞ dolları), ən az satılan ay isə noyabr (94.3 mln. ABŞ dolları) olub. Əhali tərəfindən nağd dolların banklara ən çox satıldığı ay iyun (230.1 mln. ABŞ dolları), ən az satıldığı ay isə mart (112.7 mln. ABŞ dolları) olub. Həmin ilin mart ayınadək banklardan əhali istiqamətində nağd dollar axını müşahidə olunsa da, apreldən ilin sonunadək bütün aylarda əhali tərəfindən banklara nağd dollar axını davam edib və ümumi həcm 536.81 mln. ABŞ dolları təşkil edib.