AZ

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı bilgiləndirmə sessiyası keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib. Yeni Konsepsiya ölkəmizdə mədəniyyət siyasətinin uzunmüddətli strateji çərçivəsini müəyyən edən əsas planlaşdırma sənədidir. 


Manset.az xəbər verir ki, yanvarın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Konsepsiya ilə bağlı media nümayəndələri üçün bilgiləndirmə sessiyası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini akademik Rafael Hüseynov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri kulturoloq, professor Fuad Məmmədov və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan mədəniyyəti və yeni Konsepsiya ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra tədbir Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə davam edib. 

Çıxışlarda qeyd olunub ki, Konsepsiya milli kimliyə əsaslanan, qlobal çağırışlara cavab verən və mədəniyyəti cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsi kimi dəyərləndirən müasir mədəniyyət modelinin formalaşdırılmasını hədəfləyir. 

Sənəddə mədəniyyət yalnız irsin qorunması kontekstində deyil, eyni zamanda insan kapitalının inkişafı, davranış və bilgi mədəniyyətinin gücləndirilməsi, mədəni və yaradıcı sənayenin iqtisadi potensialının artırılması, rəqəmsallaşma və mədəniyyət diplomatiyasının genişləndirilməsi baxımından strateji resurs kimi təqdim olunur. Konsepsiya mədəniyyət sahəsində vahid idarəetmə yanaşmasının tətbiqini, institusional islahatların aparılmasını və nəticəyönlü fəaliyyət mexanizmlərinin formalaşdırılmasını prioritet istiqamətlər kimi müəyyən edir.

Bildirilib ki, Konsepsiyanın əsas istiqamətlərindən biri Azərbaycan dilinin milli mədəniyyətin əsas birləşdirici amili kimi inkişafı və beynəlxalq səviyyədə mövqeyinin gücləndirilməsidir. Sənəddə dilin yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin, mədəni yaddaşın və strateji mədəni siyasətin əsas dayağı olduğu vurğulanır. Eyni zamanda davranış mədəniyyəti və bilgi mədəniyyətinin inkişafı sağlam, dialoqa açıq və bilik əsaslı cəmiyyətin formalaşdırılması baxımından mühüm prioritet kimi müəyyən edilir; bu sahələr mədəniyyətin gündəlik həyat, ictimai münasibətlər və qərar qəbuletmə proseslərində rolunun artırılmasına xidmət edir.

Diqqətə çatdırılıb ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının 2026–2030, 2031–2035 və 2036–2040-cı illəri əhatə edən üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ üzrə konkret dövlət proqramları və tədbirlər planları icra olunacaq. 

Daha sonra Mədəniyyət Konsepsiyasını hazırlayan İşçi qrupunun üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədova sənədlə bağlı təqdimat edib. Təqdimatda Konsepsiyanın əsas istiqamətləri, prioritet sahələri və icra mexanizmləri barədə ətraflı məlumat verilib, mədəniyyətin cəmiyyətin həyatında rolunun artırılması ilə bağlı məqamlar vurğulanıb.

Tədbir çərçivəsində media nümayəndələrinin sualları cavablandırılıb, Konsepsiyanın tətbiqi ilə bağlı ictimai maraq doğuran məqamlara aydınlıq gətirilib.

Seçilən
45
24
manset.az

10Mənbələr