AZ

"Azərbaycan mədəniyyəti - 2040" adlı bilgiləndirmə sessiyası keçirilib... -YENİLƏNİB

30 yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyində media nümayəndələri üçün “Azərbaycan mədəniyyəti - 2040” adlı Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunmuş bilgiləndirmə sessiyası keçirilib.

SİA xəbər verir ki, tədbirin əsas məqsədi ölkənin uzunmüddətli mədəni inkişaf strategiyasının ictimaiyyətə və media qurumlarına çatdırılması, konsepsiyanın ideoloji, hüquqi və institusional əsaslarının izah olunmasıdır.

Sessiyada Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, millət vəkili Rafael Hüseynov, akademik Nizami Cəfərov, kulturoloq Fuad Məmmədov, ARKA-nın rəhbəri Rəşad Əzizov, mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, həmçinin nazirliyin digər rəsmi nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında “Azərbaycan mədəniyyəti - 2040” konsepsiyasının mahiyyəti və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Azərbaycan mədəniyyəti - 2040” konsepsiyasının icrasında mətbuat nümayəndələrinin və media qurumlarının fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Medianın bu prosesə aktiv şəkildə cəlb olunması konsepsiyanın məqsəd və hədəflərinin geniş ictimaiyyətə çatdırılması, eləcə də dövlətin mədəniyyət siyasətinin ictimai şüurda möhkəmləndirilməsi baxımından mühüm rol oynayır.
Konsepsiya altı əsas istiqaməti əhatə edir. Bu istiqamətlərdən üçü ölkə başçısının uzun müddət ərzində müxtəlif çıxış və nitqlərində prioritet kimi vurğuladığı sahələrdir və artıq ictimaiyyət üçün tanış məzmun daşıyır. Konsepsiya həmin strateji yanaşmaların vahid, sistemli və konseptual çərçivədə ümumiləşdirilməsini və inkişaf etdirilməsini nəzərdə tutur.

“Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında hazırlanıb. Sənədin işlənib hazırlanması prosesində ziyalıların, sahə üzrə mütəxəssislərin və media nümayəndələrinin iştirakı konsepsiyanın elmi əsaslara, praktik təcrübəyə və ictimai rəyə söykənməsini təmin edib.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media nümayəndələri üçün keçirilən təqdimatında səsləndirib ki, müasir suveren Azərbaycan reallığında milli mədəni irsə bütöv və sistemli yanaşma imkanları formalaşıb. Onun sözlərinə görə, bu mərhələdə Azərbaycan öz mədəni irsini yalnız vahid şəkildə tədqiq etməklə kifayətlənmir, eyni zamanda onu yenidən bərpa və beynəlxalq miqyasda təqdim etmə istiqamətində ardıcıl addımlar atır. İşğal dövründə ciddi dağıntılara və zədələnmələrə məruz qalan mədəni irs nümunələrinin bərpası hazırda dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Azərbaycan mədəniyyəti - 2040” adlı Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunmuş tədbirdə qeyd edib ki, Azərbaycan dili öz struktur zənginliyi, ifadə imkanları və estetik potensialı baxımından yüksək yaradıcı gücə malik bir dildir: “Məhz bu dil potensialı milli kimliyin, tarixi yaddaşın və mədəni özünüdərkin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Vətən müharibəsində qazanılan Zəfər təkcə hərbi-siyasi hadisə deyil, eyni zamanda güclü mədəni və ideoloji məzmun daşıyan tarixi mərhələdir. Bu reallıq yeni mədəni konsepsiyaların, strateji baxışların və intellektual yanaşmaların formalaşdırılmasını zəruri edir. “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası da məhz bu tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda meydana çıxan düşüncə məhsulu kimi dəyərləndirilir”.

Tədbir yekun mərhələdə jurnalistlər tərəfindən ünvanlanan sualların cavablandırılması ilə başa çatdırılmışdır.

Müəllif: Günay Hacıyeva
Seçilən
81
14
sia.az

10Mənbələr